Tibbi elm son əsrdə böyük irəliləyiş əldə edib və getdikcə daha çox xəstəlik müalicə edilə bilən hala gəlib. Lakin hələ də elə xəstəliklər var ki, onların heç fərqinə varmırıq və nəhayət müalicəyə başlandıqda artıq çox gec olur. Bunlar "səssiz qatil" adlanan xəstəliklərdir və onların bəziləri kifayət qədər təəccüblüdür.

1. Damaq xəstəliyi
Damaq xəstəliyi düşündüyünüzdən daha ciddi problemdir. Bu, təkcə damaqlarınıza və dişlərinizə deyil, bütün bədəninizə təsir edə bilər.
Təhlükələri nələrdir?
Damaq xəstəliyi diabet, ürək xəstəlikləri, xərçəng və Alzheimer kimi ciddi problemlərin xəbərçisi ola bilər. Məsələn, damaq xəstəliyi olan kişilərin böyrək və pankreas xərçənginə tutulma riski 50%-dən çoxdur.
Necə yayılır?
Ağız bədənimizin giriş qapısıdır. Bakteriyalar burada çoxalaraq qan dövranına daxil olur, iltihaba, həzm problemlərinə və hətta iflicə səbəb ola bilər.
Nə etməliyik?
Diş ipindən istifadə sadə, lakin çox təsirli bir vərdişdir. Gündə 30 saniyə ayıraraq damaq xəstəliklərinin qarşısını ala və sağlamlığımızı qoruya bilərik.
2. Quduzluq
Quduzluq nadir hallarda rast gəlinən xəstəlikdir, çünki insanlar və ev heyvanları üçün peyvəndlər effektivdir. Lakin bu xəstəlik vaxtında qarşısı alınmasa və simptomlar başlayarsa, ölüm qaçılmazdır.
Təhlükələri:
Quduzluğun müalicəsi yoxdur, simptomlar başladıqda 100% ölümcül olur. İlkin simptomlar qızdırma və baş ağrısıdır, daha sonra ürəkbulanma, qusma, qarışıqlıq, təşviş, tarazlığın itirilməsi, həddindən artıq tüpürcək ifrazı və qıcolmalar baş verir. Xəstələrdə suya qarşı qorxu (hidrofobiya) yaranır, bu, onları su içməkdən məhrum edir.
Necə yayılır?
Virus yoluxmuş heyvanın tüpürcəyindən keçir, motor neyronlara nüfuz edərək sinir sistemini və beyni məhv edir.
Qarşısını almaq üçün:
Peyvəndlər quduzluğun qarşısını almağın yeganə yoludur.
3. Nevroloji xəstəliklər
Nevroloji xəstəliklər tez-tez simptomlar göstərmədən inkişaf edir, bu da onları aşkar etməyi çətinləşdirir.
•Huntington xəstəliyi:
Beyin sinir hüceyrələrini məhv edir, həm yaddaşı, həm də motor funksiyalarını pozur.
Parkinson və demensiyanın birləşməsi kimi təsvir edilə bilər.
Genetikdir – valideynlərdən biri daşıyırsa, 50% ehtimalı var.
•Alzheimer xəstəliyi:
Beynin dil, yaddaş və düşüncəni idarə edən hissələrinə zərər verir.
ABŞ-da 2020-ci ildə 5.8 milyon insan bu xəstəliklə yaşayırdı, bu rəqəm 2060-cı ildə 14 milyona çata bilər.
Əsas səbəb kimi beyin plaklarının yığılması göstərilir, lakin tam müalicəsi yoxdur.
Əlamətlər:
Gündəlik həyatı çətinləşdirən yaddaş problemləri.
Tanış işlərin yerinə yetirilməsində çətinliklər və şəxsiyyətdə dəyişikliklər.
Bu xəstəliklərə qarşı erkən diaqnoz və qan təzyiqinin nəzarətdə saxlanması həyati əhəmiyyət daşıyır.
Mənbə: That Joe Scott
Tərcümə etdi: Arzu Qafarova
