Mikroplastiklərin insan sağlamlığına zərəri barədə yeni tədqiqatlar aparılıb. "Environmental Science & Technology" jurnalında dərc olunan araşdırmada alimlər mikroplastiklərin həzm, tənəffüs və reproduktiv sistemlərə təsirini öyrənmək üçün 1815 elmi işi təhlil ediblər.
Araşdırma göstərib ki, hava, su və qidadan orqanizmə daxil olan mikroplastiklər təkcə ağciyər və kolon xərçənginə deyil, həm də reproduktiv problemlərə səbəb ola bilər. Son 10 ildə 55 yaşdan aşağı insanlarda kolon xərçənginin iki dəfə artması və siqaret çəkməyənlərdə ağciyər xərçənginin daha çox müşahidə olunması mikroplastiklərlə əlaqəli ola bilər.
Alimlər mikroplastiklərin müxtəlif formalarda olduğunu və tədqiqatların daha çox laboratoriya şəraitində öyrənilən xüsusi növlərə əsaslandığını vurğulayıblar. Lakin bu maddələrin sağlamlığa uzunmüddətli təsirlərini dəqiq başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Gündəlik həyatda plastiklərin geniş istifadəsi səbəbindən insanlar bilmədən mikroplastiklərə məruz qalırlar. Bu isə sağlamlıq problemlərinin yaranması riskini artırır.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
