Araşdırmalar göstərir ki, sarımsaq və soğanın yüksək temperaturda bişirilməsi pis xolesterolu artıran və ürək-damar riskini yüksəldən zərərli trans yağların yaranmasına səbəb ola bilər. Dünyada hər il 278.000 ölümə səbəb olan trans yağlar yüksək temperaturda kükürdlə zəngin maddələrin istiləşməsi zamanı əmələ gəlir. Adi bişirmə metodları minimal risk yaratsa da, potensial sağlamlıq təhlükələrini azaltmaq üçün bu barədə məlumatlı olmaq vacibdir.

Sarımsaq və soğan şorbalar və yeməklərə xüsusi dad verir, bir çox evlərdə demək olar ki, hər gün istifadə olunur. Lakin bu tərəvəzlərin düzgün olmayan şəkildə bişirilməsi qidalanmada gizli zərərli yağların yaranmasına səbəb ola bilər. Yanlış bişirilmə prosesi sağlam ev yeməyinizi qan dövranında pis xolesterol səviyyəsini artıran qeyri-sağlam yeməyə çevirə bilər.
Yeni araşdırmaya görə, sarımsaq və soğanın yüksək temperaturda bişirilməsi onların tərkibindəki bəzi maddələrin ürək-damar xəstəlikləri üçün əsas risk faktoru olan trans yağlara çevrilməsinə səbəb olur. Bu, kükürdlə zəngin maddələrin 140 °C və ya daha yüksək temperaturda bişirildiyi hallarda baş verir.
Trans yağlar nədir və sağlamlığa necə təsir edir?
Bütün yağlar sağlamlıq üçün zərərli deyil. Lakin trans yağlar ən zərərli kateqoriyaya aiddir. Harvard Health-in verdiyi məlumata görə, trans yağlar əsasən sağlam yağların hidrogenləşdirilməsi prosesi zamanı əmələ gəlir. Bu yağların sağlamlığa heç bir faydası yoxdur və ABŞ-da rəsmi olaraq qadağan edilib. Trans yağlarla zəngin pəhriz ürək sağlamlığı üçün böyük təhlükə yaradır, pis xolesterolu artırır və yaxşı xolesterolu azaldır.
Keks, peçenye, piroq, mikrodalğalı sobada hazırlanan popkorn, dondurulmuş pizza, kartof qızartması, donut və qızardılmış toyuq kimi yeməklər, həmçinin qəhvə üçün qeyri-süd kremi və marqarin trans yağlar ehtiva edir.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, trans yağlar hər il dünyada 278.000-dən çox ölümə səbəb olur. ÜST tövsiyə edir ki, trans yağ qəbulu gündəlik enerjinin 1%-dən azını təşkil etməlidir.
Araşdırmalarda 150 °C və ya daha yüksək temperaturda kükürdlə zəngin tərəvəzlərdən istifadə zamanı bəzi kimyəvi dəyişikliklərin baş verdiyi aşkarlanıb. Kükürd birləşmələrinin trans yağların yaranmasında rolu ilə bağlı tədqiqatlar göstərir ki, düzgün olmayan bişirmə metodları sağlamlıq üçün əlavə risklər yarada bilər.
Nəticələr və tövsiyələr
Araşdırma rəhbəri Dr. Masaki Honda bildirib ki, normal bişirmə şəraitində trans yağların yaranma ehtimalı minimaldır və buna görə də həddindən artıq narahatlığa ehtiyac yoxdur. Lakin kükürdlə zəngin tərəvəzlərin yüksək temperaturda bişirilməsinin müəyyən risklər yarada biləcəyini anlamaq vacibdir.
Mütəxəssislər tövsiyə edir ki, bişirmə zamanı diqqətli olun, yüksək temperaturdan çəkinin və mümkün olduğu qədər təbii yağlardan istifadə edin.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
