Bu gün:

Plastik butulkada su içənlərə xəbərdarlıq


Kolumbiya Universitetinin alimləri apardıqları araşdırmada, plastik butulkalarda saxlanılan suların sağlamlıq üçün zərərli ola biləcəyini ortaya çıxarıblar. Tədqiqat nəticələrinə görə, bir litrlik plastik su butulkasında orta hesabla 240,000 zərərli plastik hissəcik var. Bu rəqəm əvvəlki araşdırmalardan 10-100 dəfə çoxdur.

Bu hissəciklərə “nanoplastik” deyilir və onların xərçəng, sonsuzluq, inkişaf və reproduktiv problemlər kimi ciddi sağlamlıq riskləri yaratdığı bildirilir. Xüsusilə kiçik ölçüləri onların qan hüceyrələrinə və beyinə asanlıqla daxil olmasına imkan verir.

Butulkaların istehsalında istifadə olunan fitalatlar adlı plastik maddə də sağlamlığa mənfi təsir göstərir. Milli Ekoloji Sağlamlıq Elmləri İnstitutunun verdiyi məlumata görə, fitalatlar beyin, immun sistemi və reproduktiv sağlamlıq üçün zərərlidir. Bundan əlavə, plastik butulkalarda poliamid adlı digər bir plastik hissəcik də aşkar edilib.

Tədqiqatçılar bildirir ki, bu təhlükəli hissəciklər yalnız plastik butulkalarda deyil, həm də digər qida məhsullarında, məsələn, souslar və qazlı içkilərdə də tapıla bilər.

Kolumbiya Universitetindən Qixuan Çenin sözlərinə görə, bu araşdırma plastiklərin sağlamlığa və ətraf mühitə təsirini daha yaxşı başa düşməyə kömək edir. Tədqiqatçılar plastik hissəciklərin insan orqanizminə necə təsir etdiyini daha geniş araşdırmağa davam edirlər.

Plastik butulka istifadəsini azaltmaq, həm sağlamlıq, həm də ətraf mühit üçün vacib addım hesab olunur.

Mənbə: Opera News 

Tərcümə edən: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et