Qəhvənin bağırsaq mikrobiomuna təsirləri İtaliyanın Trento Universitetinin rəhbərliyi ilə aparılmış geniş miqyaslı araşdırma nəticəsində üzə çıxıb. Dünya üzrə 25 ölkədən 54 mindən çox insanın tibbi məlumatlarını təhlil edən alimlər, qəhvə içənlərlə içməyənlər arasındakı mikrob fərqlərini ətraflı şəkildə araşdırıblar.

Araşdırmanın nəticələrinə görə, qəhvə içən insanlarda bağırsaq mikrobiomunun müxtəlifliyi əhəmiyyətli dərəcədə daha yüksəkdir. Xüsusilə, Lawsonibacter asaccharolyticus bakteriyasının qəhvə qəbul edənlərdə qəbul etməyənlərə nisbətən 4,5-dən 8 dəfə çox olduğu müəyyən edilib.
Maraqlıdır ki, bu fərq qəhvə qəbulunun çox olduğu Qərb ölkələrində daha çox müşahidə edilir, Çin və Hindistan kimi kənd yerlərində isə nadir hallarda rast gəlinir.
Araşdırmaçılar qəhvənin bağırsaq mikrobiomuna necə təsir etdiyini başa düşmək üçün həm laboratoriya şəraitində eksperimentlər aparıblar, həm də qəhvənin kofeinli və kofeinsiz növlərini test ediblər. Nəticələr göstərir ki, qəhvədəki bioaktiv maddələr, xüsusilə kinik turşu və trigonellin kimi birləşmələr mikrob böyüməsini stimullaşdırır.
Araşdırmaya rəhbərlik edən professor Nikola Seqata qəhvə qəbulu ilə mikrobiom müxtəlifliyi arasındakı əlaqənin sağlamlıq üzərində birbaşa təsirlərinin hələ tam olaraq aydınlaşmadığını bildirib. Bununla belə, bu tapıntılar qidaların bağırsaq mikrobiomunu formalaşdırma gücünə diqqət çəkərək, gələcəkdə fərdi qidalanma strategiyalarının inkişafına imkan yarada bilər.
Tədqiqat bağırsaq mikrobiomunun ümumi sağlamlıq və immunitet sistemi üzərindəki təsirini daha yaxşı başa düşmək üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Mütəxəssislər bir daha sağlam bağırsaq mikrobiomu üçün balanslı qidalanmanın vacibliyini vurğulayırlar.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
