24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı dietoloq Leyla Zülfüqarlıdır. O, sağlam qalmaq üçün insanların hansı növ yeməklərə və idman növlərinə üstünlük verməsindən danışıb.
-Sağlam qalmaq üçün insanlar daha çox hansı qidalara üstünlük verməlidirlər? Hansı idman növləri ilə məşğul olmaq onlara daha çox faydalı olacaqdır?
Günlük qida rejimində tərəvəzlər əsas yer tutur. Çiy tərəvəzlər, zülallar və meyvələr sağlam qidalanmanın vacib hissəsidir. Zülallar isə iki qrupa bölünür: heyvan mənşəli (balıq əti, mal əti, quş əti) və bitki mənşəli (çərəzlər, quru meyvələr). Sağlam qidaları seçmək tövsiyə olunur. Lakin, təəssüf ki, şəkər, çörək, un məmulatları və trans yağlarla hazırlanan işlənmiş məhsullar insanların gündəlik həyatında daha çox istifadə edilir. Əslində isə tərəvəz və meyvələrə üstünlük verilməlidir.
İnsanların sağlam qidaları seçməsində bir çox maneələr yaranır. Çünki stress, sürətli iş rejimi və vaxt çatışmazlığı səbəbindən insanlar tez və rahat hazırlanan, lakin sağlam olmayan qidalara üstünlük vermək məcburiyyətində qalırlar. Qızartmalar və sadə karbohidratlarla zəngin qidalar bu səbəblə daha çox seçilir.
Eyni zamanda, fiziki fəaliyyət də sağlam həyat tərzinin vacib hissəsidir. Hər növ idmana vaxt ayırmaq mümkündür, lakin ən önəmlisi bədən tərbiyəsidir. Bu, gündəlik qaçış və ya ən azı 5-6 min addım gəzinti kimi fəaliyyətləri əhatə edir. Günlər qısaldıqca idmana vaxt ayırmaq çətinləşsə də, gündəlik işlərimizi yerinə yetirərkən belə aktiv qalmaq mümkündür. Həftə sonlarını voleybol və ya basketbol oynamaqla keçirmək də faydalıdır. Əgər fitness zallarına getmək imkanımız yoxdursa, sadəcə gündəlik rutinimizə bədən tərbiyəsini daxil etmək kifayətdir.
Aytac Musayeva
