Bu gün:

Təəccüblü bir araşdırma: uzun ömürün sirri oksigen çatışmazlığıdır



Bir çox insan yediklərini məhdudlaşdırmağın və ya müntəzəm idmanın ömrünü uzada biləcəyinə inanır.

Ancaq ABŞ-dakı Massachusetts General Hospitalın alimləri daha az oksigenlə nəfəs almağın hüceyrələrin zədələnməsini azalda biləcəyini, onların zədələnmiş hissələri təmizləməsinə və təkrar emal etməsinə imkan verərək yaşlanma prosesini ləngidə biləcəyini söylədilər.

Siçanlar üzərində apardıqları araşdırmada elm adamları 11 faiz oksigen səviyyəsində olan gəmiricilərin normal ətraf mühit səviyyəsində saxlanılan gəmiricilərdən 50 faiz daha uzun yaşadığını ortaya çıxardılar.


Səkkiz həftə daha uzun yaşadılar

Tədqiqatın nəticələrinin insanlarda təkrarlana biləcəyi bəlli deyildi, lakin bir çox məqalələrdə yüksək hündürlüklərdə yaşayan insanların həmyaşıdlarından daha uzun yaşadıqları irəli sürülmüşdür. 

Tədqiqat zamanı nəticələr ətraf mühitdə oksigen səviyyəsində yaşayan siçanların orta hesabla cəmi 15,7 həftə yaşadığını göstərdi. Ancaq məhdud oksigen səviyyəsinə məruz qalanlar təxminən səkkiz həftə daha uzun – 23,6 həftə yaşadılar.

Nəticələr oksigenin məhdudlaşdırılmasının maya, qurd və meyvə milçəklərinin ömrünü uzatdığını göstərən əvvəlki tədqiqatları dəstəkləyir. Tədqiqatçılar, ehtimal ki, tapıntılarını digər heyvanlarda təsdiqləmək üçün oksigen məhdudiyyətini və davamlılığını daha da sınamağa ümid edirlər.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et