Bu gün:

Nə qədər avropalı birdən çox dildə danışa bilir?


Avropalıların təxminən 65 faizi ana dilindən başqa ən azı bir dildə danışa bilir. ABŞ-da bu nisbət yüzdə 20 civarındadır. Sərhədlərinin şəffaf olduğu Avropa xalqlarından hansılar getdiyi ölkələrdə dil baryerini asanlıqla aşa bilirlər?  

Birdən çox dildə danışmaq baxımından Avropanın müxtəlif hissələri arasında əhəmiyyətli fərqlər var. Məsələn, Skandinaviya ölkələri çoxdillilik üzrə birinci yerdə olduğu halda, Cənubi Avropa bir az daha çətinlik çəkir. İngilis dilinin əsas dil olduğu ölkələr çoxdillilikdə ən aşağı yerləri tutur. Məsələn, irlandların yalnız 50 faizi başqa dildə danışır və Böyük Britaniya 34 faizlə Avropada ən pis nəticəni göstərir. 

Çox dil danışmağın yolları

Birdən çox dildə səlis danışa bilmək peşəkar həyatda təriflənən bir bacarıq kimi qəbul edilir, eyni zamanda, müxtəlif mədəniyyətləri tanımaq və dünyanın hər yerindən insanlarla ünsiyyət qurmaq üçün əla bir yoldur. İnsanların çoxlu sayda xarici dildə danışa bilməsinin, adətən, üç yolu var:

İkidilli ailədə doğulmaq

Məktəbdə ikinci dil öyrənmək

Xarici ölkədə səyahət etməklə və ya yaşamaqla bu dili öyrənmək

Ekspertlər razılaşırlar ki, ikinci dilə nə qədər tez başlasanız, öyrənmək bir o qədər asan olur. Dil inkişafı mütəxəssisləri bu məqamda valideynlərə iki əsas texnikanı tövsiyə edirlər:

1. Dilin evdə öyrədilməsi

Məsələn, Fransada uşaqlarını böyüdən iki alman valideyn evdə yalnız alman dilində danışa bilirlər. Beləliklə, uşaqları evdən kənarda fransız dilini öyrənərkən, alman dilini də təkmilləşdirə bilərlər.

2."Bir adam, bir dil" metodu

Bu üsul, ümumiyyətlə, ailələrdə valideynlər müxtəlif millətlərdən olduqda istifadə olunur. Məsələn, Macarıstanda uşaq böyüdən polşalı ana və slovak atanı götürək. Ana uşaqla yalnız polyak, ata isə yalnız slovak dilində danışa bilər. Evdən kənarda uşaq dostları ilə və ya məktəbdə macarca danışır. Belə vəziyyətlərdə çox vaxt valideynlərin bir-birlərinə müraciət etmək üçün istifadə etdikləri başqa dil də olur: Bu, yaşadıqları ölkənin dili, ingilis dili və ya hər ikisinin bildiyi başqa bir xarici dil ola bilər. Bəs çoxdilli ailələrdə uşaqlar gec danışır? Mütəxəssislər iki və ya daha çox dili eyni anda öyrənən uşaqlarda nitq gecikməsini qismən təsdiqləyirlər. Çünki doğuşdan iki və ya daha çox dil öyrənən uşaqlar əslində monodilli yaşıdları ilə eyni miqdarda ümumi lüğətə malikdirlər. Ancaq bildikləri sözlərin sayı iki dilə bölündüyü üçün, yaşlarına görə normal sayılan söz ehtiyatına malik olmamış kimi görünə bilərlər. Ancaq uşaq böyüməyə davam etdikcə bu bərabərsizlik tez bir zamanda yox olur.

Mənbə: tr.euronews.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et