Bu gün:

Texnologiyadan asılılığı necə aradan qaldırılmaq olar?


Texnologiya iş, ünsiyyət və əylənmə tərzimizdə inqilab yaradaraq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq texnologiyadan artan bu asılılıq yeni bir problemin ortaya çıxmasına səbəb oldu. Bu gün smartfonlardan, sosial media platformalarından və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə sağlamlığımıza zərərli təsirlər göstərə bilər. Bu materialda texnologiya asılılığını aradan qaldırmağın və texnologiya ilə daha sağlam əlaqə qurmağın təsirli yollarından danışacağıq.

Müasir dövrümüzdə texnologiyasız bir günü təsəvvür etmək çətindir.

Bununla belə, texnoloji inkişaflar çoxsaylı faydalar gətirsə də, eyni zamanda yeni bir problem yaratdı: “texnoloji asılılıq”. Texnologiya asılılığı rəqəmsal cihazların məcburi və həddindən artıq istifadəsi deməkdir, həmçinin həyatın müxtəlif sahələrində mənfi nəticələrə səbəb olur. Texnologiya asılılığının əlamətlərini tanımaq və sağlamlığımız üçün bu problemi həll etmək üçün mühüm addımlar atmaq lazımdır.  

Texnologiya asılılığı ilə effektiv mübarizə aparmaq üçün asılılığın mahiyyətini və onun altında yatan amilləri anlamaq çox vacibdir. Texnologiya asılılığını rəqəmsal cihazlar və onlayn platformalarla obsesif və idarəolunmaz qarşılıqlı əlaqə ehtiyacı ilə xarakterizə olunan davranış pozğunluğu kimi təyin edə bilərik. Bu, texnologiyanın əlçatanlığı və rahatlığı, sosial təzyiqlər, təsdiqlənmək, uzaqlaşmaq istəmək kimi bir çox amillərdən qaynaqlana bilər. 

Texnologiya asılılığının əlamətləri müxtəlif yollarla özünü göstərə bilər. 

Fərdlər cihazlarından uzaqda narahatlıq, əsəbilik və ya hüzursuzluq hiss edə bilərlər. Onlar, həmçinin onların istifadəsinə nəzarət etməkdə çətinlik çəkə və iş, münasibətlər, özünəqulluq kimi həyatın digər mühüm aspektlərinə laqeyd yanaşa bilərlər.

Texnologiya asılılığı psixi sağlamlığımıza, fiziki rifahımıza, sosial əlaqələrimizə və məhsuldarlığımıza da mənfi təsir göstərə bilər. Artan stress, narahatlıq, depressiya və ümumi həyat məmnuniyyətində azalma həddindən artıq texnologiya istifadəsi ilə əlaqələndirilir. Ekranlara davamlı olaraq məruz qalma yuxu rejimini poza və yuxu pozğunluğuna səbəb ola bilər. Üstəlik, texnologiyadan həddən artıq asılılıq tez-tez üz-üzə qarşılıqlı əlaqənin azalması ilə nəticələnir, sosial əlaqələrimizə və şəxsiyyətlərarası bacarıqlara təsir göstərir.  

Bəs texnologiya asılılığını necə aradan qaldıra bilərik? 

Texnologiya asılılığına qalib gəlmək özünüdərk və nizam-intizam tələb edən bir işdir. Texnologiya asılılığından qurtulmağın bəzi təsirli yolları bunlardır:

Problemi tanımaq:

İlk addım texnologiya asılılığınız olduğunu etiraf etmək və təsdiqləməkdir. Rəqəmsal vərdişləriniz və onların həyatınıza təsiri haqqında düşünün və dəyişiklik etməli olduğunuz sahələri müəyyənləşdirin. Sərhədlərin və məhdudiyyətlərin təyin edilməsi: Texnologiyadan istifadəniz üçün aydın qaydalar təyin edin. Rəqəmsal cihazlardan istifadə üçün xüsusi vaxt məhdudiyyətlərini müəyyən edin, xüsusən, işinizdə və ya şəxsi həyatınızda. İstirahət və yatmaq üçün texnologiyasız yer yaratmaqdan ötrü yataq otağına məişət texnikası gətirməkdən çəkinin.

Rəqəmsal detoks tətbiq etmək:

Rəqəmsal detoks dövrlərini tətbiq etməklə texnologiyaya müntəzəm fasilələr edin. Sizə oflayn fəaliyyətlərə diqqət yetirməyə və real dünya ilə yenidən əlaqə saxlamağa imkan verən xüsusi gün və ya vaxtları texnologiyadan azad zonalar kimi təyin edin. Həm də vərdişlərinizi tərk edin. 

Həyatı yenidən hiss etməyə başlayın. Bunu necə edə bilərsiniz?

Oflayn fəaliyyətlərdə iştirak:

Oflayn məşğuliyyətlərin sevincini yenidən kəşf edin. Hobbi ilə məşğul olun, məşq edin, təbiətdə vaxt keçirin, kitab oxuyun və ya dostlarınız, ailənizlə üz-üzə görüşün. Bu fəaliyyətlər rəqəmsal dünyadan fasiləni təmin edir.

Sağlam vərdişlər və rutinlər yaratmaq:

Texnologiya ilə sağlam əlaqələri təşfiq edən yeni vərdişlər qurun. Məsələn, dərhal telefonunuzun yoxlanılmasını nəzərdə tutmayan səhər rejimi yaradın və ya e-poçtunuzu, sosial medianızı yoxlamaq üçün xüsusi bir vaxt ayırın. 

Dəstək və peşəkar yardım axtarmaq:

Əgər texnologiya asılılığı ilə təkbaşına mübarizə aparmaqda çətinlik çəkirsinizsə, dostlar, ailə və ya dəstək qruplarından kömək almağı düşünün. Ağır hallarda terapevtlərdən və ya "asılılıq" məsləhətçilərindən peşəkar yardım almaq olar.

Texnologiyadan tamamilə uzaqlaşmaq yaxşı görünsə də, texnologiyadan istifadəyə balanslı və diqqətli yanaşmanı inkişaf etdirmək daha praktik və faydalıdır. Texnologiya ilə sağlam münasibət qurmaq üçün bəzi strategiyaları sizlərlə bölüşürük:

Texnologiyadan şüurlu şəkildə istifadə etmək: 

Texnologiyadan necə və nə üçün istifadə etdiyinizi nəzərə alın. Ağılsızca səhifələri "sürüşdürmək"dən və ya texnologiyanı bir qaçış mexanizmi kimi istifadə etməkdən qaçın. Bunun əvəzinə, rəqəmsal cihazlarla necə qarşılıqlı əlaqə quracağınızı şüurlu şəkildə seçin və həyatınıza dəyər qatan fəaliyyətlərə diqqət yetirin. 

Real həyat əlaqələrinə üstünlük vermək:

Həyatınızdakı insanlarla mənalı əlaqələr qurun. Üz-üzə ünsiyyət üçün vaxt ayırın, dərin söhbətlər aparın və başqalarını aktiv şəkildə dinləyin. Həqiqi əlaqələrin qurulması dəstək şəbəkənizi gücləndirir və virtual əlaqələrə olan etibarı azaldır.

Texnologiyanın üstünlük təşkil etdiyi bir dünyada rəqəmsal cihazlar və onlayn platformalarla əlaqəmizə diqqət yetirmək çox vacibdir. Texnologiya asılılığı psixi sağlamlığımıza, fiziki rifahımıza, sosial qarşılıqlı əlaqəmizə və məhsuldarlığımıza mənfi təsir göstərə bilər. Texnologiya asılılığının əlamətlərini tanımaqla və onlara qalib gəlmək üçün strategiyalar tətbiq etməklə biz həyatımıza nəzarəti bərpa edib virtual və real dünya arasında daha sağlam tarazlığa nail ola bilərik.

İndi məsuliyyət götürmək və texnologiyadan istifadəmizdə müsbət dəyişikliklər etmək vaxtıdır! 

Özünüz üçün məhdudiyyətlər təyin edin, rəqəmsal detoksu tətbiq edib oflayn fəaliyyətlərdə iştirak edin və texnoloji asılılıqdan xilas olmaq üçün lazım olduqda kömək alın. Bu yolla daha faydalı və balanslı bir həyat sürə bilərsiniz.

Mənbə: Onedio.com

Tərcümə etdi: Məryəm Abdullazadə


Paylaş
Şərh əlavə et