Bu gün:

"Bu işin təməli məşqdir..."-Fuad İbrahimli ilə Müsahibə



Azərbaycan musiqisinin dünyada özünəxas yeri var.  Ölkəmizi musiqi sahəsində layiqincə tanıtmaqda gənclərimizin rolu isə danılmazdır. 24media.az-ın budəfəki müsahibi də belə gənclərdən biri, yalnız həmyerlilərinin deyil, xarici auditoriyanın diqqətini də ifa etdiyi musiqiyə məharətlə yönəltməyi bacaran Fuad İbrahimlidir.

Fuad İbrahimli kimdir?

1993-cü il aprelin 11-də Bakıda anadan olmuşam. 1999- 2006-cı illərdə musiqi məktəbində təhsil almışam. Hazırda vətəndən kənarda- Polşada yaşayıram. Burada işləyir və əlavə vaxtlarımda piano dərsləri keçirəm.

Azərbaycanın mədəni irsini əks etdirən ifalarınıza Polşada da maraq göstərənlər varmı?

Əlbəttə, "Bizim Cəbiş müəllim " filminin musiqisini bəyənib, dəfələrlə adını soruşublar. "Təhminə və Zaur " filminin musiqisi də çox bəyənilib. Ümumiyyətlə, gözəl musiqinin dili yoxdur.

Musiqiyə həvəs sizdə nə zaman yaranıb?

Əvvəllər musiqiyə həvəsim olmayıb, anam məni zorla musiqi məktəbinə yazdırıb, zaman keçdikcə, duyğular yerinə oturduqca həvəs yarandı.

Niyə məhz piano?

Bütün musiqi alətləri gözəldir, hamısı insanın duyğularını, ruhunu oxşayır, amma pianonun məndə ayrı bir yeri var, yəni sadəcə seçim məsələsidir.

Başqa alətlərdə də ifa edə bilirsiniz?

Bəli, pianodan əlavə gitara, qarmon, nağarada da ifa edə bilirəm.

Məşhur filmlərimizdən xatırladığımız ifalara daha çox üstünlük verməyinizin səbəbi nədir? 

Azərbaycanın musiqi cəhətdən çox zəngin olduğunu düşünürəm, xüsusilə əvvəlki filmlərin musiqiləri... Klassik və retro musiqilərdən həzz alıram.

Deyirlər ki, pianoda ifa etmək üçün notları da ruhunuzla hiss etməlisiniz. Siz bu barədə nə düşünürsünüz?

Bəli, bu, bütün musiqi alətlərinə aiddir. Bəzən notlara ehtiyac olmur, sadəcə hiss etməyiniz kifayətdir. Duyğusuz ifa olunan əsər "çəkic ilə mismar"ı xatırladır.

Ən sevdiyiniz pianoçu kimdir? 

Vladimir Horowitz, Pollini, Zimerman, Valentina Lisitsa və s. Sözsüz ki, aralarından birini seçməli olsaydım, Pollini deyərdim.

Ən çox kimin musiqilərini ifa etməkdən həzz alırsınız?

Daha çox Frederik Şopenin əsərlərini, sanki hər əsərində qəribə rəngarənglik, yaşanmışlıq var.

İfalarınızla insanların qəlbini kifayət qədər fəth etməyi bacarmısınız. Sizcə, uğurunuzun səbəbi nədir?

Məni ilk "cover " çəkib paylaşdığım gündən izləyən insanlar var və hər zaman da xoş mesajlar yazırlar. Onlara təşəkkür edirəm, insanı qürurlandırırlar, uğurumun səbəbi də onların sevgisidir. Dediyiniz kimi qəlblərini fəth edə bilmişəmsə, nə xoş mənə.

Musiqiləri dinləyərək pianoda ifa edirsiniz, bu fitri istedaddır, yoxsa musiqini hiss etmək?  

Düşünürəm ki, bunu musiqi ilə məşğul olan, musiqi duyumu olan hər kəs bacarır. İstedad tərəfi ilə razıyam, amma "fitri" deməzdim.

Son olaraq, pianoya maraqlı olanlara nə məsləhət görərdiniz? 

Məşq, məşq, məşq... Bu işin təməli məşqdir, səbrlə məşq etməyi tövsiyə edirəm.


Nəzrin Beydiyeva

Fidan Əsəd

Paylaş
Şərh əlavə et