“Mən bu ruhda böyümüşəm” – Nicat Müslümov

“Mən bu ruhda böyümüşəm” – Nicat Müslümov

Müsahibimiz Qarabağ həqiqətlərini, eləcə də Azərbaycan mədəniyyətini, xalq mahnı və musiqimizi dünyaya çatdıran “Azərbaycan İnciləri” layihəsinin rəhbəri Nicat Müslümovdur. N.Müslümovla bu dəfəki söhbətimiz könüllülük fəaliyyəti, gənclərin düzgün istiqamətləndirilməsi, uğur formulu və s. mövzularla bağlı oldu.

 

– Zəhmət olmasa, özünüz haqqında qısaca məlumat verərdiniz…

– Mən 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-cı ildə Azərbaycan Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuşam. Elə həmin ali təhsil ocağının da məzunuyam. Özüm dövlət işində çalışıram.

– “Azərbaycan İnciləri” layihəsi haqqında nə deyə bilərsiniz?

– “Azərbaycan İnciləri” artıq 3 ilə yaxın müddətdir fəaliyyət göstərir. Bu layihə mənim təşəbbüsüm ilə yaradılıb və məqsədimiz sosial şəbəkələrdə xalq mahnılarımızı, musiqilərimizi təbliğ etməkdir. Eyni zamanda yazarlarımızın, mərhum xalq artistlərimizin həyat və yaradıcılıqları haqqında da gənclərə məlumat veririk. Biz bu 3 il müddətində dəfələrlə ali və orta təhsil müəssisələrində muğam gecələri təşkil etmişik.

– Musiqi təhsili olmayan bir şəxs üçün bunları təşkil etmək çətin olmadı ki?

– Xeyr. Mən özüm uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Bunlara qarmon, fortepiano, nağara alətlərini misal çəkə bilərəm. Musiqi duyumu insanda uşaqlıqdan olmalıdır. Uzun illərdir ictimai fəaliyyətlə məşğulam, son 3 ildə isə “Azərbaycan İnciləri” layihəsi üzərində işləyirik. Azərbaycan mədəniyyəti çox gözəl və zəngindir. Dövrümüz internet dövrüdür. “Azərbaycan İnciləri” komandasının "Facebook"da 10 min izləyicisi olan səhifəsi var. Səhifədə həmvətənlərimizlə yanaşı xarici vətəndaşlar da var. Xaricdə oxuyan tələbələrimizdən xahiş etmişik ki, bizim layihə haqqında ətrafındakı dostlarına məlumat versin. Onlar da Azərbaycan mədəniyyətini izləsinlər.

– Bir çoxları layihəni qazanmaq üçün hazırlayır. Bəs siz gəlir əldə edirsinizmi?

– Doğrusu, biz bunu gəlir əldə etmək məqsədi ilə etmirik. Özüm dövlət müəssisələrinin birində çalışıram. Komandamızda bir çox dostlarımız da işləyir. Aramızda işləməyən gənclər də var. Amma komandamız könüllülük prinsipi ilə fəaliyyət göstərir.

– “Azərbaycan İncilərini” yaratmaq istəyəndə ətrafdakılardan hansı reaksiyaları aldınız?

– Bu layihəni yaratmaq istədiyimi deyəndə bir çox insan “nəyinə lazımdır” deyirdi. Deyirdilər ki, əgər vaxtın varsa, gəlirli sahələrlə məşğul ol. Demək olar ki, mənə dəstək olan olmadı. Dəstək olmaq deyəndə mən kimdənsə maddi nəsə gözləmirdim, ən azından facebook profillərində bizim səhifəni bəyənmək üçün dostlarını dəvət edə bilərdilər. Bəzi gənclər bizə kömək olmaq istədilər, 2-3 gün sonra getdilər ki, burda pul yoxdur. İndi baxıram, həmin şəxslər demək olar 24 saat facebookda aktiv olurlar, boş-boş paylaşımlar edirlər. Bunu etməkdənsə, bizə kömək edib, xalq musiqimizi, məşhur şəxslərimizi tanıtmaqla məşğul olmaq, məncə daha yaxşı olardı. Düzdür, indi komandamızda bacarıqlı və bu işə həvəsi olan gənclər var. Səbinə, Rəqsanə, Rita, Tural, Gülər, Gülnar və bir çox gənclər bizim səhifələrimizi idarə edirlər. Həm də xanəndə kimi konsertlərimizdə iştirak edirlər.

– Komandanızdan razısınızmı?

– Bəli. Komandamızın hər bir üzvü dövlətimizin siyasətini dəstəkləyir. Azərbaycan muğamına, mədəniyyətinə dövlətimiz tərəfindən çox böyük qayğı var. Cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın mədəniyyətimizə olan qayğısı hər kəsə məlumdur.

– Yaxın müddətdə hansı planlarınız var?

– Qarşıda planlarımız çoxdur. Amma bunları gerçəkləşdirmək üçün bir az zamana ehtiyac var. Yeni işlərimiz olanda media nümayəndələri sağ olsun, işıqlandırmağa kömək olurlar.

– Gənclərə nə demək istəyərdiniz?

– Gənclərə demək istəyirəm ki, bizim komandamıza qoşulsunlar. Ölkəmizi, musiqimizi, mədəniyyətimizi tanıtmağa bizə kömək etsinlər. Tez-tez konsertlər veririk, gəlsinlər, dəstək olsunlar.

– Siz muğamı necə sevdiniz?

– Mən bu ruhda böyümüşəm, hər zaman evimizdən muğam səsi gəlib, muğam eşitmişəm. Muğamı sevmək, duymaq lazımdır. Muğam bütün müasir mahnılarda var.

“Azərbaycan İnciləri” layihəsinin məqsədi də, təkrar edirəm, gəncləri muğam sənəti ilə bağlı maarifləndirməkdən ibarətdir.

Məni Muğam Mərkəzində konsertlərə dəvət edirlər. Özümlə 20, 30 nəfər də aparıram. Muğam bizim etnik kodumuzdur. Muğamı hər bir azərbaycanlı sevməlidir. Bu da ailədən gəlməlidir. Uşaqlarınıza muğamı sevdirin.

Daha sonra “Azərbaycan İnciləri” layihəsini yaratdıq. Sosial mediada aktiv fəaliyyətdəyik. Bunları niyə edirik? Çünki indiki gənclik virtual aləmdə çox olur. Heç olmasa, muğam haqqında, sənətkarlar haqqında məlumatlı olsunlar, maariflənsinlər. Məqsədimiz gənclər arasında muğamı sevdirməkdir. Muğamı sevmək, duymaq lazımdır.

– Siz vətənpərvərliklə də bağlı tədbirlər təşkil etmisiz. Bəlkə bu barədə də danışasınız…

– Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində lazımı addımlar atılır, müvafiq tədbirlər həyata keçirilir. İstər dövlət, istərsə də müvafiq strukturlar . Daha doğrusu, bu istiqamətdə daha çox tədbirlərin görülməsinə ehtiyac var. Bu gün hələ də bizim 20 faiz torpaqlarımız işğal altındadır və bu işğal nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Gənclərlə birlikdə həyata keçirdiyim tədbirlərin məqsədi “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, gənclər arasında vətənpərvərliyi təbliğ etməkdən ibarətdir. Bu cür maarifləndirmə tədbirləri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət kampaniyasının tərkib hissəsidir və kampaniyanın məqsədi faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin cəbhə xəttinə tez-tez səfər etməsi heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hisslərinin artırılmasına öz müsbət təsirini göstərir.