Tripofobiya insanın müxtəlif formalı deşik şəkillərini görəndə qorxusu və ya narahatlığı ilə ifadə edilir. Tripofobik insana qorxu hissi verən bu amillər, ümumiyyətlə, zərərsiz və təhlükəli görünməyən dairələr və ya bir-birinə yaxın deşiklər şəklində görünür. Məsələn, çiyələk tripofobiyaya səbəb olan ən məşhur amillərdən biridir. Çiyələyin üzərindəki kiçik deşiklər tripofobik insanda qorxu, narahatlıq və ya iyrənmə hissi yaradır.

Tripofobiya müxtəlif insanlarda fərqli reaksiyakara səbəb ola bilər. Bu reaksiyalara ürəkbulanma, narahatlıq, dərinin qaşınması və hətta panik atak kimi hisslər aid ola bilər. Bununla belə, tripofob insanları narahat edən şəkillər də bir-birindən fərqlənə bilər. Bəzi insanları nar, çiyələk və ya pendirdəki deşiklər narahat etdiyi halda, bəzi tripofobik şəxsləri bu sadə əşyalar narahat etmir. Ancaq, qurbağanın belindən və ya ilan dərisindən qorxa bilərlər.
Tripofobiya nə qədər yayğındır?
Tripofobiyaya ümumiyyətlə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Hazırda sosial şəbəkə kanallarında və müxtəlif internet saytlarında bu xəstəlikdən əziyyət çəkən insanların yaratdığı bir çox qruplar mövcuddur. Bu qruplardakı minlərlə insan tripofobiya haqqında dərc olunmuş məqalələri, mövzu ilə bağlı videoları və tripofob insanlarda müəyyən simptomlara səbəb olan bir sıra şəkilləri paylaşır. Bununla belə, tripofobiya dünyaca məşhur bir qorxu serialı ilə də gündəmə gəlib. “American Horror Story” adlanan bu serialda mərcan, arı pətəkləri, üzlərdə deşik şəklində olan yaraların tripofobik insanlara necə təsir etdiyi göstərilmişdir.
Tripofobiya hər nə qədər cəmiyyətdə getdikcə daha çox yayılmış bir xəstəlik olsa da, Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatına (DSM-5) görə əsl fobiya kimi müəyyən edilməmişdir. Bunun fobiya sayılıb-sayılmaması ilə bağlı çoxlu müzakirələr və araşdırmalar aparılır.
Tripofobiyaya səbəb nədir?
Tripofobiya ilə bağlı araşdırmalar kifayət qədər məhdud olduğundan, tripofobiyanın nədən qaynaqlandığı sualının cavabı hələ tam aydınlaşdırılmayıb. Bununla belə, psixi sağlamlıq mütəxəssislərinin tripofobiyanın səbəbləri ilə bağlı bir neçə teoriyası var. Bunlardan ən geniş yayılmışı “insanın xəstəliklərə və təhlükələrə təkamül reaksiyası” teoriyasıdır.
Mənbə: erdempsikiyatri.com
Tərcümə etdi: İbrahim Çobanlı
