Bu gün:

"Möcüzəli ilğım": Monetin rəsmləri Londona baxışımızı necə dəyişdi


Bəzi rəssamlar bizə dünyanı daha dəqiq görməyə kömək edir, amma nadir hallarda bir neçəsi bundan da irəli gedir, baxışlarının dərinliyinə görə fərqlənir. Klod Monet də bu nadir rəssamlardandır. 1899-1901-ci illər arasında, artıq 60 yaşına yaxınlaşan fransız impressionisti, Londona üç səfər etdi və bu səfərlərdə rəssamın ən iddialı rəsm seriyalarından birini yaratmağa başladı. Hazırda Londonda Courtauld İnstitutunda nümayiş etdirilən "Monet və London: Temza mənzərələri" sərgisi də bu layihəni mərkəzə alır.

Monet, Temza çayının nəfəs kəsən zəhərli və dumanlı mənzərələrindən ilham alaraq 100-dən çox rəsm əsəri yaratdı ki, bu da onun uzun karyerasında hər hansı digər mövzuya həsr etdiyindən daha çox idi. Onun Londonun məşğul körpülərini və saraylarını titrəyən buxardan yaranan qeyri-maddi qobelenlərə çevirən bənzərsiz baxışları, sonralar TS Eliot tərəfindən "qeyri-real şəhər" adlandırılacaq dünyanın təsəvvürünü əbədi olaraq formalaşdırdı – bu şəhər sanki zamandan və məkandan kənarda oturur, bir başqa aləmdə yerləşir.

Bu geniş seriyanın bir parçası olan "London, Parlament Evləri, Dumanda Günəş işığı" əsərinə nəzər salsaq, Vestminster Sarayının qüllələrinin günortadan sonra günəşin parıltısında titrədiyini, dumanın isə bu neo-qotik quruluşu sanki şəffaf bir pərdə kimi bürüdüyünü görərik. Monetin Temza ilə bağlı ən məşhur mənzərələrindən biri olan bu əsər, şəhərin qeyri-reallığını və onun o dövr üçün unikal olan görkəmini əks etdirir.

Mənbə: BBC

Tərcümə etdi: Qüdrət Məmmədova

Paylaş
Şərh əlavə et