
"Əli və Nino" heykəli diqqətdən yayınmayan bir sənət əsəridir. Heykəlin gözəlliyi yalnız onun incə sənətində deyil, həm də özündə daşıdığı dərin simvolizmdədir. Bu heykəl, əbədi hərəkət və birləşmə illüziyasını yaradan iki insan fiqurundan ibarətdir: bir kişi və bir qadın. Bu dinamik hərəkət təxminən 10 dəqiqə davam edir və əsəri öz növündə həqiqətən unikal edir. Gecə isə heykəl arxa işıqlarla aydınlanır, rəngləri dəyişərək ona sehrli bir görüntü verir.
Batumidə yerləşən "Əli və Nino" heykəlinin əlləri yoxdur ki, bu da onun dizaynının özəlliyidir. Abidənin müəllifi Tamara Kvesitadze bu qərarı birlik və ayrılıq ideyasını vurğulamaq üçün qəbul etmişdir. Qolların olmaması, sevginin hər zaman tam və mükəmməl olmaya biləcəyinin, hətta ən güclü münasibətlərdə belə problemlərin və fikir ayrılıqlarının ola biləcəyinin simvolu kimi də şərh edilir.
"Əli və Nino" romanı, Zaqafqaziyada baş verən və müsəlman Əli Xan Şirvanşirlə Gürcüstanlı xristian şahzadə Nino Kipiani arasındakı qadağan olunmuş məhəbbət hekayəsindən bəhs edir. Hekayə Bakının İçərişəhərinin dar küçələrində cərəyan edir və onların sevgisi sosial normalarla üz-üzə gəlir. Bu əbədi hekayə İslam və Xristianlıq arasındakı münasibətlərin mürəkkəbliyini və sevginin yenilməz gücünü əks etdirir. Əli və Nino müharibənin çətin sınaqlarından keçərək, heç bir sərhəd tanımayan bir sevgi tapırlar.
Roman Qurban Səid təxəllüsü ilə 1937-ci ildə yazılmışdır. Kitabın müəllifi tam müəyyən edilməyib, lakin əksər tədqiqatçılar bunu bakılı yəhudi Lev Nussimbaumla əlaqələndirirlər. Əsər alman dilində yazılmış və Avropada nəşr edilmişdir, lakin bu fakt onun Azərbaycan ədəbiyyatının klassiki sayılmasına mane olmur.
Roman otuzdan çox dilə tərcümə olunub və dünya bestsellerləri sırasına daxil olub. Müxtəlif dinlərə mənsub Azərbaycanlı Əli ilə Gürcüstanlı Nino arasındakı sevgi hekayəsi dünyada çox sayda insanın qəlbini fəth edib. 2015-ci ildə əsər əsasında film çəkilmiş, 2016-cı ildə isə Bakıda, Rus Dram Teatrında səhnəyə qoyulmuşdur.
Heykəlin tarixi
Bu gözəl sənət əsərini heykəltəraş Tamara Kvesitadze yaratmışdır. Layihənin müəllifi Tbilisidəndir, lakin hal-hazırda ABŞ-da yaşayır. Bir-birinə yaxınlaşan və iç-içə keçən kinetik heykəlləri ilə tanınır, bu əsərlərdə hərəkət və dinamizm hissini əks etdirir. Onun digər tanınmış əsərləri, o cümlədən "Meduza" və "Həyat çarxı" da sənətsevərlərin böyük marağına səbəb olub. Amma "Əli və Nino" şübhəsiz ki, onun əsas əsəri kimi qəbul edilir.
Əvvəlcə bu sənət əsəri "Kişi və Qadın" adlanırdı, lakin sonradan ona məşhur sevgi hekayəsinin qəhrəmanlarının adları verildi.
Heykəl ilk dəfə Venesiyadakı sərgidə nümayiş olundu və sənət mütəxəssislərinin böyük rəğbətini qazandı. Daha sonra Avropa və ABŞ qalereyalarında sərgilənərək beynəlxalq şöhrət qazandı. Batumiyə yerləşdirildikdən sonra isə şəhərin ən cəlbedici turistik məkanlarından birinə çevrilib.
Mənbə: Dolidoki
Tərcümə etdi: Səidə Əsədli
