Bu gün:

Azərbaycan ədəbiyyatında qadına olan münasibət-"1 sual, 1 cavab"


24media.az-ın "1 sual və 1 cavab" adlı rubrikasının budəfəki qonağı yazıçı Zümrüd Yağmurdur. O, Azərbaycan ədəbiyyatında qadına olan münasibət və feminist ədəbiyyatından danışdı. 

-Azərbaycan ədəbiyyatında və ədəbi tənqidində qadına qarşı münasibət necə olub və feminist ədəbiyyatı, onun yaranması perspektivi varmı?

-Azərbaycanda hər hansı bir əsərin konkret olaraq feminist ədəbiyyatı olduğunu demək çətindir. Çünki bütövlükdə feminizm anlayışı ideoloji olaraq bizə görə çox yeni tarixi əhatə edir. Düzdür, bu o demək deyil ki, ölkədə qadın haqları ilə bağlı hər hansı bir əsərlər yazılmayıb və ya qadın azadlığı haqqında heç bir şey yoxdur. Əlbəttə, belə əsərlər var və ilk ağıla Cəfər Cabbarlının pyeslərindəki qadın obrazları gəlir. Sadəcə bunlar sırf feminizm adı altında yazılmış əsərlər deyil. Daha çox Sovet ideologiyası, qadınlara verilən haqların tərənnümünə həsr edilmiş əsərlərdir. Təbii ki, müxtəlif əsərlərdə zamanından asılı olmayaraq güclü qadın obrazları yaradılıb, fəqət bu obrazlar da feminist aspektindən işlənməyib. Çünki bu, dediyim kimi, ənənə kimi formalaşmayıb.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında və ədəbi tənqidində kişi obrazı daha çox qabardılıb, qadınlar isə arxa planda qalıb. Qadına münasibət, yaradılan obrazlar mental dəyər və yanaşmalardan kənara çıxa bilməyib. Demirəm  ki, qadınlar hər zaman aşağılanıb, bütün insana xas olan pis keyfiyyətlər onlara yüklənib və s. 

Ancaq, ümumilikdə, onlara biçilən rol kişilərə veriləndən daha az olub. Səbəbi isə bildirdiyim kimi, cəmiyyətin patriarxal və mühafizəkar olmasıdır. Digər tərəfdən Azərbaycan ədəbi tənqidində də qadın obrazlarına eyni şəkildə patriarxal dəyərlər çərcivəsində yanaşma var. Məsələn, təkcə insanların deyil, müəyyən anlayışların da cinsi olsaydı, Azərbaycan ədəbi tənqidini kişi cinsli adlandırmaq olardı. Məsələn, Cahandar ağa obrazı kişilik rəmzi kimi qəbul edilir, halbuki həmin obraz mühafizəkar Azərbaycan cəmiyyətinin də kişilik rəmzi sayıla bilməzdi. Çünki ölkədə çoxarvadlılıq qavramı olmuşsa da, başqasının kəbinli yoldaşını qaçırmaq deyə bir anlayış olmayıb. Cahandar ağa isə Mələyi-başqasının kəbinli arvadını qaçırmışdı. Ədəbi tənqid də buna olduqca normal və sakit yanaşır. Amma Cahandar ağanın bacısını namusu “kirləndiyinə” görə çayda boğması kişilik kimi övülür. 

Başqa bir əsəri götürsək, məsələn, Hüseyn Cavidin "Səyavuş" əsərindəki Südabə obrazı yaşlı Keykavusa ərə verilir, həmin qadın isə ögəy oğluna aşiq olur. Lakin Südabəyə "canlı, cavan, sağlam orqanizmə sahib bir kişi lazımdır" düşüncəsi ilə tənqid edilir və ona "yırtıcı" kimi yanaşılır. Yaxud “Afət” əsərində Afət ərdə ola-ola başqasına aşiq olması əxlaqsızlıq kimi dəyərləndirilir, amma eyni taleyi yaşayan obraza, məsələn, Anna Kareninaya fərqli, daha “anlayışlı” yanaşma sərgilənir.

Zənnimcə, bundan sonra Azərbaycanda feminist ədəbiyyatı yaranma potensialı var. Çünki artıq bu qavram cəmiyyətin zehninə və düşüncəsinə "rüyeşm" kimi düşüb. Mütləq bir gün bu ədəbiyyatdan da  topluma  təqdim olunacaq. Çünki ölkədə qadına münasibətlə bağlı yeni fikir və dəyərlərin formalaşmasının başlanğıc nöqtəsindəyik və bu, mütləq ədəbiyyata da təsirini göstərəcək. Ümid edirəm ki, ədəbi proses bu yeni dəyərlərin formalaşmasında iştirak edər və prosesin arxasında qalmaz.

Xədicə Qiyas

Paylaş
Şərh əlavə et