Bu gün:

Zorakılığın mediada düzgün işıqlandırılması - EKSPERT RƏYİ





Bəzi mövzular var ki, onlar önəmli olmaqla yanaşı, həm də həssasdır. Bunlardan biri də zorakılıq mövzusudur.

Həm yeni, həm də ənənəvi media platformalarında fəaliyyət göstərən peşəkarlardan zorakılıq mövzularının düzgün işıqlandırılma metodlarından danışdıq. 24Media-nın müsahibləri AzTV-nin ictimai-siyasi redaksiyasının redaktoru Almaz Mahmud, “Femməkan” audio-vizual media platformasının yaradıcısı Gülnar Səlimova və “Şərq” qəzetinin jurnalisti Kənan Novruzovdur.  

Zorakılıq mövzularını mediada professional şəkildə necə işıqlandırmaq mümkündür?

Almaz Mahmud bildirir ki, jurnalistikada bu sahə çox həssasdır, buna görə də, bütün digər mövzularla bu mövzuya eyni yanaşmaq olmaz: “Burada söhbət travma almış bir insanın həyatından gedir. O insan ki,  televiziyadan qaçır. Reportyorun məqsədi bu şəxsdən intervyu götürmək, baş vermiş hadisələri düzgün işıqlandırmaqdır. Lakin bu zaman jurnalist həssas mövzularla bağlı məlumatlı olmalıdır. Bilməlidir ki, zorakılığa məruz qalmış insanlarla müsahibədə necə  davranmaq lazımdır ki, onların yarasına toxunulmasın. Jurnalist bilgili olmalı, zərərçəkmişlə harada və necə danışacağını bilməli, hadisə ilə bağlı öncədən araşdırma aparmalıdır”. 

Gülnar Səlimova qeyd edir ki, onlayn, yaxud print media, fərqi yoxdur, etik qaydaların hamısı eyni çərçivədə olur: “Zorakılığa məruz qalanların adlarının çəkilməməsi, fotoşəkillərinin yayımlanmaması kimi məsələlər əsasdır. Məsələn bu yaxınlarda zorakılıqla bağlı bir məsələ var idi. Hətta bu məsələyə görə mətbuat konfransı keçirildi. Bütün xəbər saytlarında yetkinlik yaşına çatmayan bir qızın adı hallanırdı. Əslində, buna yol verilməməlidir. Hətta valideynləri icazə versə də, yaxud sizin tanışınız da olsa, bu yanlış hərəkətdir. Çünki zərərçəkmiş yetkinlik yaşına çatmayıb və ola bilsin ki, bir ildən sonra o insan adının mediada hallanmasını istəməyəcək. İnternet elə bir yerdir ki, qlobaldır və hər informasiya çox sürətlə yayılır. Yəni burada yayılan informasiya print media kimi deyil. Buna görə də, bu kimi məsələlərdə daha diqqətli olmaq lazımdır”.

Kənan Novruzov cavabında zorakılıq və bunun kimi məsələlər jurnalistikada ayrıca bir sahə kimi  öyrənilməli olduğunu vurğulayıb: “Jurnalist ilk olaraq jurnalist etikası və jurnalistikanın hüquqi tənzimləməsini bilməlidir. Məsələn hansısa ailədə ata öz övladını qətlə yetiribsə, bunu həmin an dərc etmək düzgün deyil. Çünki belə halların işıqlandırılması, əslində, “bumeranq” effekti yaradır. Əgər siz daim kriminal hadisələrdən, zorakılıqdan yazsanız, oxuyucunuzda da bu kimi fikirlər yarada bilərsiniz. Buna görə də  zorakılıqla bağlı bir mövzunu işıqlandırırqsa, maarifləndirmə istiqamətində işıqlandırmalıyıq. Yəni əgər ata övladını qətlə yetiribsə, həmin ataya oxunan hökm, verilən cəza haqqında məlumat insanlara bunun səhv bir hərəkət olduğunu çatdırır. Nəticədə, sizin auditoriyanız bu kimi hallardan çəkinəcək. Həmin materialların məqsədi bu olmalıdır. 18 yaşına çatmamış yeniyetmələr barədə, ümumiyyətlə, minimum məlumat verilməlidir. Zorakılığa məruz qalan insanların ad və soyadları ya şərti verilməlidir, ya da sadəcə baş hərfləri yazılmalıdır. Əgər jurnalist bu kimi qaydaları pozarsa, deməli, o artıq jurnalist etikasından və onun hüquqi tənzimləməsindən xəbərsiz şəxsdir”.

Jurnalist zorakılıqla bağlı bir iş hazırlayarkən, etik qaydaları pozarsa, nəticə nə olar?

Almaz Mahmud: “Bu, redaksiya daxilində müzakirə olunmalı məsələdir. Kobud səhvlər zamanı televiziya, yaxud jurnalistin özü məhkəməyə verilə bilər. Çünki burada şəxsin hüququ pozulur, şərəf və ləyaqətinə toxunulur. Lakin bu zaman jurnalist özü də şəxsi karyerasına, həmçinin media qurumuna zərər vurmuş olur. Düşünürəm ki, bu kimi hallarda jurnalist, yaxud televiziya məhkəməyə verilərsə, bu digər jurnalistlərə də təsir edəcək. Onlar öz işlərinə, nəyi yayımladıqlarına daha diqqətlə yanaşacaqlar”. 

Gülnar Səlimova: “Bunun bir çox nəticəsi ola bilər. Əgər razılıq olmadan qurbanın adı yayımlanıbsa, yaxud hər hansı detallara yer verilibsə, burada həmin şəxs jurnalisti məhkəməyə verə bilər. Xüsusilə də, həmin insan yetkinlik yaşına çatmayıbsa, onun şəxsiyyətini müəyyən edəcək məlumatlar yazılmamalıdır. Əslində, jurnalistdən də əlavə redaktor bu məsələlərə diqqət yetirməlidir. Çünki ola bilsin ki, jurnalist başqa bir sahədən gəlib reportyor olub, yaxud nəzəriyyədən xəbəri yoxdur. Lakin ikinci addım olaraq həmişə yığılan materiallar redaktorun əlinin altından keçir. Bu kimi səhvlər redaktordan digər tərəfə keçməməlidir. Mütləq şəkildə, ən pis halda, material redaktə edilən zaman bildirilməlidir”.

Kənan Novruzov: “Bu artıq jurnalistin vicdan məsələsidir. Məsələn 16 yaşlı bir qız zorakılığa məruz qalıbsa, siz sırf ondan müsahibə almaq üçün üstünə getməməlisiniz. Bu, əsla düzgün deyil - jurnalistika etikasını pozmaqdır. Çünki siz şəxsin gələcəyi ilə oynamış olarsınız.  Lakin burada heç bir hüquqi tənzimləmə yoxdur. Amma əgər siz həmin xanımın ad və soyadını olduğu kimi yazırsınızsa, yaxud özünüzdən nələrisə təhrif edirsiniz, ya da hansısa məlumatı yazmamaq şərtilə pul tələb edirsinizsə, bunların hər birinin hüquqi olaraq cəzaları var. Siz inzibati xətalar, yaxud cinayət məcəlləsi ilə məsuliyyətə cəlb edilə bilərsiniz”.

 Bu mövzularda hazırlanan materiallarda əsasən hansı səhvlərə yol verilir? 

Almaz Mahmud: “Yəqin ki, bu yaxınlarda baş vermiş 13 yaşlı bir qızın zorakılığa məruz qalması barədə xəbəri eşitmisiniz. Azərbaycanın iki yerli TV kanalı jurnalistika prinsiplərini bu zaman kobud şəkildə pozmuşdu. Bir xəstəxanada azyaşlının nənəsi ilə  olan söhbətləri video şəklində yayımlamışdılar. Kanallardan birində qızın sadəcə üzü “mozaika” ilə örtülmüşdü və səsi bir qədər dəyişdirilmişdi. Lakin digərində, ümumiyyətlə, nənəsi ilə bütün söhbətləri yayımlamışdılar. Burada jurnalist, demək olar ki, bütün standartları tamamilə pozub. Əvvəla, xəstəxanada müsahibə götürülməlidir, çünki azyaşlı öz problemi ilə bağlı oradadır. İkinci olaraq, nənəsindən müsahibə götürmək yanlışdır. Qızın üzünü “mozaika” ilə tanınmaması üçün örtüblərsə, nənəsini təqdim etmək düzgün deyil. Çünki bu hadisə kiçik bir rayonda baş verib və hər kəs bir-birini tanıyır. Jurnalistin ən böyük səhvi isə cinsi zorakılığa məruz qalan şəxsdən bu hadisəni təkrar danışmasını istəməkdir. “Bəs kiminlə danışmalıyıq?” soruşa bilərsiniz. Bu zaman siz psixoloqlarla, hüquq mühafizə orqanları ilə danışa bilərsiniz. Yaxud ətrafındakı qonşular nəyəsə şahid olublarsa, araşdırma aparılmalıdır. Biz jurnalist olaraq hər zaman müsahiblərimizin adını çəkir, onları təqdim edirik. Lakin bu yeganə mövzudur ki, müsahibinizin adını çəkməyə meyilli olmamalısınız”. 

Gülnar Səlimova: ”Ən çox yol verilən səhvlərə gəlsək, şəxsin əsl adının çəkilməsi, bəzən hətta ünvanına qədər detalların verilməsi kobud səhvdir. Əgər bu qədər detallar özündə bir xəbər mahiyyəti daşımırsa, ünvanına qədər yazmağa ehtiyac yoxdur. Nümunə kimi isə az öncə qeyd etdiyimiz mətbuat konfransı keçirilmiş xəbər barədə deyə bilərəm. Biz “Femməkan” olaraq bu barədə yazı yazmaq istədik, lakin redaktorumuz icazə verməyib  gözləməyimizi tapşırdı. Çünki ittiham olunan şəxs hələ həbs edilməmişdi, qurban da yetkinlik yaşında deyildi və bunların hamısı bizi limitləyirdi. Biz xəbəri 4-5 gün sonra yazdıq və təbii ki, bunu etik qaydalar çərçivəsində etdik. Adətən qalmaqallı, yaxud sensasiya doğuran bir xəbər eşitdikdə xəbər saytları vaxt itirmədən yazmağa cəhd edir. Amma unutmamalıyıq ki, məsələ nə qədər həssasdırsa, bir o qədər də həssas yanaşma tələb edir. Düşünməliyik ki, həmin şəxs hazırda problem yaşayır, biz daha da betər etməməliyik. Xüsusən də, onlayn mediada xəbər yayımlayanda bilməliyik ki, bunun bir qolu da sosial mediaya çıxır. Sizin onlayn saytda yazdığınız xəbər, ikinci dəfə sosial mediada yayımlanır deyə bilərik. Buna görə də, yanlış  məlumat verməkdənsə, hər şeyi dəqiqləşdirib etik çərçivələr əsasında yayımlamaq daha doğrudur”.

Kənan Novruzov: “Qəzet işlərində zorakılığa məruz qalmış şəxsin fotoşəkili əsla dərc olunmamalıdır. Jurnalistin öz subyektiv fikirlərini əlavə etməməlidir. Məsələn ata öz qızına qəsd edibsə və özünə haqq qazandırırsa, jurnalist tərəf tutaraq bunları yayımlamamalıdır. Çünki bu yazıları milyonlarla insan oxuya bilər. Bunlar həmin şəxsin gələcəyi ilə oynamaqdır. Çünki  həmin şəxs özünü narahat hiss edir, siz də daha böyük  mənfi təsir göstərməməlisiniz. Zorakılığa məruz qalan şəxsi anlamaq, onunla empatiya qurmaq lazımdır. Mətbuatın funksiyası, ümumiyyətlə, ictimai şüuru formalaşdırmaqdır. Bu kimi məsələlər də elə işıqlandırılmalıdır ki, ictimai tənqid zorakılığa məruz qalan şəxsə yox, bunu edənə yönəlsin”.

Hazırladı: Dinara Zeynalova

Paylaş
Şərh əlavə et