Səudiyyə Ərəbistanındakı arxeoloqlar 12.000 illik, gerçək ölçüdə heyvan təsvirləri aşkarlayıblar. Yeni bir araşdırmaya görə bu tapıntılar, insanların bölgədə yaşadığı güman edilən tarixdən 2.000 ildən çox əvvələ gedib çıxır.
Nature Communications jurnalında dərc olunan araşdırmada alimlər yazırlar ki, dəvələrin və digər canlıların son dərəcə real təsvirləri bu ovçu-toplayıcılar üçün mədəni baxımdan əhəmiyyət kəsb edib və ehtimal ki, təxminən 16.000–13.000 il əvvəl bölgə rütubətlənməyə başlayanda yaranan vahələri tapmağa kömək edən yol işarələri kimi istifadə olunub.
Afrika ilə Asiyanın qovşağında yerləşən Ərəbistan erkən insanlar üçün əsas miqrasiya marşrutu olub; Nature jurnalında dərc olunan tədqiqatlar bu yayılmanı mümkün edən müxtəlif “rütubətli dövrlərin” baş verdiyini təsdiqləyir. Bununla belə, Şimali Ərəbistanda Son Buzlaşma dövrünün sonu (təxminən 25.000–20.000 il əvvəl; son buzul dövrünün ən soyuq mərhələsi) ilə təxminən 10.000 il əvvəl arasına aid insan məskunlaşmasına dair heç bir sübut tapılmayıb.
Komanda üç ərazidə ümumilikdə 62 qaya sənəti paneli və 176 oyma aşkar edib; bəziləri 39 metr hündürlüyündə nəhəng qaya səthlərinə işlənib. Oymaların əksəriyyəti həyat ölçüsündə heyvan təsvirlərindən ibarət olub və əsasən dəvələri əks etdirib.
Arxeoloqlar yaşlarını müəyyən etmək üçün dörd dəvə oyması olan sahələri qazıblar. Onlar 1.200-dən çox daş, 16 heyvan sümüyü fraqmenti və üç ocaq aşkarlayıblar. Komanda tortuların ən son nə vaxt istiyə və günəş işığına məruz qaldığını ölçən lüminessens üsulundan və karbonun müxtəlif izotoplarının nisbətini ölçən radiokarbon tarixləşdirməsindən istifadə edib.
Bu üsullar qaya sənətinin 12.800 ilə 11.400 il əvvələ aid olduğunu göstərir.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva