24media.az-ın budəfəki müsahibi Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi, media eksperti Anzulə Pərvizqızıdır.

A.Pərvizqızı, əvvəlcə, “deepfake” və media manipulyasiyası terminlərinə aydınlıq gətirib:
“Deepfake” süni intellekt vasitəsilə yaradılan, hər hansı bir şəxsin heç vaxt demədiyi sözləri və ya etmədiyi hərəkətləri etmiş kimi göstərən saxta video və ya səs yazısıdır. Media manipulyasiyası isə reallığı təhrif etmək üçün istifadə olunan daha geniş üsulları əhatə edir. Məzmunun təhrifi, kadrların düzgün qurulmaması, saxta xəbərlər və ictimai rəyi yönləndirmək üçün botlardan istifadə bu manipulyasiya formalarına nümunədir".
A.Pərvizqızı manipulyasiya olunan medianın yaratdığı təhlükələrə diqqət çəkib:
"Mövzu bu gün, xüsusilə, aktualdır". Onun sözlərinə görə, manipulyasiya olunan media, o cümlədən deepfake ciddi mənfi nəticələrə səbəb ola bilər: İnsanların nüfuzunu zədələyə, seçkilər ərəfəsində və ya müharibə dövründə dezinformasiya yaymaq üçün istifadə edilə, jurnalistikada ictimai etimadı sarsıda bilər”.
Ekspert qeyd edib ki, insanlar gördüklərinə və eşitdiklərinə inanmadıqda, medianın etibarlılığı zəifləyir.
“Şəxsi həyatda isə "deepfake" fırıldaqçılıq, şantaj və təzyiq vasitəsi kimi istifadə olunur”.
Müsahibimiz media manipulyasiyasının psixoloji təsirlərinə də aydınlıq gətirib:
“Media manipulyasiyası insan psixologiyasına güclü təsir edir, çünki insanlar vizual məzmuna mətnə nisbətən daha çox inanmağa meyllidir. Sosial şəbəkələrin alqoritmləri emosional və şok effekti olan paylaşımları önə çıxarır. Nəticədə saxta videolar sürətlə yayılır və həqiqət ortaya çıxana qədər ictimai rəyi formalaşdırır.
O, "deepfake"i tanıma əlamətlərindən danışıb: "Deepfake"i müəyyən etmək üçün bəzi vizual və səs əlamətlərinə diqqət etmək lazımdır. Təbii olmayan göz qırpması və hərəkətlər, dodaq və səsin uyğun gəlməməsi, üzə düşən işıq və kölgələrin uyğunsuzluğu, fon detallarında bulanıqlıq bu saxtakarlığın işarələri ola bilər. Bəzən mimika və səs arasında sinxronluq da pozulur”.
Müsahibimiz, eyni zamanda, mübarizə yollarını da qeyd edib:
“Çıxış yolu, ilk növbədə, məlumatın mənbəyini yoxlamaqdan keçir. Əgər video yalnız sosial şəbəkələrdə yayılır və etibarlı mənbə göstərilmirsə, ona şübhə ilə yanaşmaq lazımdır. Güclü fakt-yoxlama mexanizmləri və məsuliyyətli jurnalistika bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, vətəndaşların rəqəmsal savadlılığı da artırılmalıdır, insanlar gördüyünü və eşitdiyini sorğulamağı öyrənməlidirlər. Bununla yanaşı, "deepfake"i avtomatik aşkarlayan texnologiyalara və hüquqi məsuliyyətə ehtiyac var”.
A. Pərvizqızı vurğulayıb ki, müasir rəqəmsal dövrdə “görmək” artıq “inanmaq” anlamına gəlmir:
"Hər kəs paylaşmadan öncə yoxlamalı, inanmazdan əvvəl düşünməlidir. Şəxsi təhlükəsizliyin gələcəyi məhz bu fərqindəlikdən asılı olacaq".
Xavər Məmmədli
