Bu gün:

Meloniyə qarşı yeni rəqib yüksəlir


İtaliyada Giorgia Meloninin mövqeyi zəiflədikcə, Genuya meri Silvia Salis ölkə siyasətində yeni və birləşdirici fiqur kimi diqqət çəkir.

İtaliya siyasətində son ay olduqca gərgin keçib. Məhkəmə islahatına dair referendumun uğursuzluqla nəticələnməsi baş nazir Giorgia Meloninin “məğlubedilməzlik” imicini sarsıdıb, bu isə hökumətdə istefalarla nəticələnib və onun etibarlılığını bərpa etmək səylərini çətinləşdirib.

Bununla yanaşı, Meloninin əvvəllər xüsusi yaxınlıq nümayiş etdirdiyi ABŞ prezidenti Donald Trampla münasibətləri də soyuyub. Tramp bu həftə açıq şəkildə onu tənqid edib, Meloninin Papa Leoya qarşı sərt çıxışları qınamasını və ABŞ-İsrailin İrana qarşı müharibəsinə dəstək verməməsini irad tutub.

Romada bu hadisələr baş verdiyi vaxtda, ölkənin şimalındakı Genuya şəhərində fərqli bir mənzərə formalaşıb. Ötən həftəsonu mərkəzi Piazza Matteotti meydanına 20 mindən çox insan toplaşıb, mükafatlı belçikalı texno DJ Şarlot de Vitte burada pulsuz çıxış edib.

Lakin bu, sadəcə əyləncə tədbiri olmayıb. Genuya meri Silvia Salisin DJ ilə birlikdə səhnədə rəqs etməsi anları sürətlə sosial şəbəkələrdə yayılıb və onun ictimai nüfuzunu daha da artırıb.

40 yaşlı Salis bir ildən az müddət əvvəl Genuya meri seçilərək səkkiz il sağçıların idarəsində olmuş bu böyük liman şəhərində müxalifət üçün mühüm qələbə qazandırıb. O, heç bir siyasi partiyaya üzv olmayan yenilikçi fiqur kimi tanınır, bundan əvvəl İtaliya Olimpiya Komitəsində yüksək vəzifə tutub.

Onun namizədliyi sol və mərkəzçi qüvvələrin ittifaqı tərəfindən irəli sürülüb və seçkidə qazandığı uğur onu milli səviyyədə potensial birləşdirici lider kimi ön plana çıxarıb.

Genuyalı biznes məsləhətçisi Culiya Byanki bildirib ki, Salis “təmiz hava nəfəsi kimidir”, o, xüsusilə demoqrafik baxımdan yaşlı və passiv şəhərə yeni enerji qatdığı üçün geniş rəğbət qazanıb.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et