Bu gün:

İran Hörmüzü yenidən bağlayıb, bölgədə təhlükə artır


İran ordusu davam edən blokada fonunda Hörmüz Boğazının yenidən kommersiya gəmiləri üçün bağlandığını açıqlayıb. Bu qərar bölgədə onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da kəskinləşdirib.

Malta bayraqlı Agios Fanourios I tankeri 17 aprel 2026-da Hörmüz Boğazını keçərək Bəsrə sahillərinə çatıb.

İranın yeni dini lideri Müctəba Xamenei 18 aprel tarixli yazılı bəyanatında ölkənin hərbi dəniz qüvvələrinin mümkün qarşıdurmaya hazır olduğunu bildirib və düşmən qüvvələrə qarşı sərt mövqe nümayiş etdiriləcəyini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə Ağ Evdə verdiyi qısa açıqlamada Vaşinqtonun təzyiq və şantajı qəbul etməyəcəyini bəyan edib.

Röyters agentliyinin məlumatına görə, bəzi ticarət gəmiləri boğazın yenidən bağlanması ilə bağlı radio siqnalları alıb. Eyni zamanda, Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı (UKMTO) Oman sahilləri yaxınlığında bir neft tankerinin silahlı qayıqlar tərəfindən hədəfə alındığını açıqlayıb. Sonrakı məlumatda isə bir konteyner gəmisinin naməlum obyektlə vurulduğu bildirilib.

Xatırladaq ki, Tehran rəhbərliyi 17 aprel tarixində Livandakı atəşkəsə istinad edərək boğazı qısa müddətlik gəmilərin istifadəsinə açmışdı. Bu addımdan sonra Donald Tramp İrana təşəkkür etsə də, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın qüvvədə qalacağını qeyd etmişdi.

İran parlamentinin sədri Məhəmməd Qalibaf isə sosial şəbəkədə paylaşım edərək ABŞ blokadasının davam edəcəyi təqdirdə boğazın açıq qalmayacağını bildirib. Ardınca İnqilab Keşikçiləri adından yayılan açıqlamada vəziyyətin yenidən əvvəlki rejimə qaytarıldığı və ABŞ-ın addımlarının “dəniz quldurluğu” kimi qiymətləndirildiyi vurğulanıb.

Bununla belə, dəniz nəqliyyatını izləyən sistemlərin məlumatları 18 aprel tarixində bəzi gəmilərin Hörmüz Boğazından keçid etdiyini göstərir.

Gərginliyin səbəbləri

Mövcud böhran fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra başlayıb. Tehran 3 mart tarixində cavab addımı kimi boğazı bağlamışdı.

Qeyd edək ki, dünya üzrə xam neftin təxminən beşdə biri, ən dar nöqtəsi cəmi 40 kilometr olan bu strateji su yolu vasitəsilə daşınır.

Vaşinqton və Tehran arasında Pakistanda keçirilən danışıqlardan nəticə əldə olunmaması fonunda ABŞ tərəfi boğazın blokada altına alındığını elan etmişdi. Bununla yanaşı, ABŞ administrasiyasından İranla mümkün razılaşma ilə bağlı ziddiyyətli açıqlamalar verilməkdə davam edir.

Donald Tramp son bəyanatında qeyd edib ki, yaxın günlərdə razılıq əldə olunmazsa, İranla mövcud müvəqqəti atəşkəs uzadılmaya bilər. İki ölkə arasında qüvvədə olan iki həftəlik atəşkəsin 22 apreldə başa çatacağı gözlənilir.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et