Bu gün:

Macarıstanda siyasi dəyişiklik: Orban dövrü başa çatır


Macarıstanda uzun illər hakimiyyətdə olan baş nazir Viktor Orban-ın dövrü başa çatmaq üzrədir. Son parlament seçkilərində Peter Magyar-ın rəhbərlik etdiyi “Tisza” partiyası böyük qələbə qazanaraq ölkədə siyasi balansı dəyişib.

Peter Magyar-ın partiyası ötən bazar günü keçirilən seçkilərdə Viktor Orban-ın 16 illik hakimiyyətinə son qoyub, BBC 

Seçkilərin nəticələrinə əsasən, “Tisza” partiyası səslərin 52 faizini toplayaraq 199 yerlik parlamentdə 141 mandat əldə edib. Bununla da Fidesz partiyasının 16 illik fasiləsiz hakimiyyətinə son qoyulub. Fidesz parlamentdəki yerlərinin sayını 135-dən 52-yə qədər itirib.

Səsvermənin yekun nəticələrinin, o cümlədən xaricdə verilmiş səslər və bəzi dairələrdə yenidən sayımlar daxil olmaqla, yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir.

Peter Magyar ölkə prezidenti Tamas Sulyok ilə razılıq əldə edərək yeni parlamentin formalaşdırılmasının 4 may həftəsinə çəkilməsinə nail olub. Bundan sonra parlament yeni hökuməti seçəcək.

Yeni siyasi lider artıq ictimai televiziya və radioya müsahibələr verərək fəal mövqe nümayiş etdirir. O, dövlət mediasında tərəfsizliyin təmin olunması məqsədilə xəbər proqramlarının müvəqqəti dayandırılması və müstəqil redaktorların təyin edilməsi ilə bağlı qanunların qəbulunu vəd edib.

Parlamentdə üçdə iki çoxluğa sahib olan Magyar, həmçinin baş nazir vəzifəsinin maksimum iki müddətlə məhdudlaşdırılması ilə bağlı dəyişikliklər etməyi planlaşdırır. Qeyd edək ki, Viktor Orban indiyədək beş dəfə bu vəzifəni icra edib. Bu təşəbbüs qəbul olunarsa, onun yenidən hakimiyyətə qayıtması çətinləşə bilər.

Seçkilərdəki məğlubiyyətdən sonra Viktor Orban açıqlamasında bildirib ki, bu nəticə bir dövrün sonudur və məğlubiyyət qəbul edilməlidir.

Ekspertlərin fikrincə, yeni hakimiyyət qarşısında ciddi vəzifələr dayanır. Bunlara iqtisadi problemlərin həlli, korrupsiya ilə mübarizə və beynəlxalq münasibətlərin yenidən qurulması daxildir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et