İki nəfərin göz-gözə gəlməsi romantik filmlərdə ən çox istifadə edilən səhnələrdən biridir. Ancaq göz təmasında olduqca mürəkkəb və bilinçaltı reaksiyalar baş verir.

Göz təması gündəlik söhbətlərin təbii bir hissəsi olaraq önəmlidir.
Biriylə danışarkən, göz təmasına və ya baxışlarını yayındırmasına görə şəxsiyyət dəyərləndirilməsi edirik. Küçədə yeriyərkən insanlar bizimlə göz təması qurmurlarsa, rədd edilmə hissinə qapıla bilərik.
Araşdırmalar göz təmasının qarşıdakı insanla bağlı anlayışımızı da formalaşdırdığını göstərir. Məsələn, daha çox göz təması quran insanları daha ağıllı, daha uyğun və səmimi hesab edirik (Qərb mədəniyyətində belədir) və onların dediklərinə daha asan inanırıq.
Ancaq həddindən artıq göz təması, deşici baxışlar insana narahatlıq hissi verir. Araşdırmalar göstərir ki, üstünlük verilən göz təması müddəti üç saniyədir, doqquz saniyədən sonrakı isə mənfi təsir yaradır.
Qarşılıqlı baxışmanın insanlar arasında ortaq hiss yaratdığı müşahidə olunub. Bizimlə göz təmasında olan bir yad insanı şəxsiyyət və görünüş baxımından daha çox özümüzə bənzədirik. Başqaları başqa şeylərlə məşğul ikən göz-gözə gəldiyimiz şəxs ilə xüsusi bir an paylaşma hissi keçiririk.
Daha yaxın məsafədə göz-gözə gəlmə vəziyyətində isə göz bəbəklərinin bir-birindən təsirləndiyi, birinin böyüdüyü zaman digərində də eyni reaksiyanın meydana gəldiyi məlumdur. Bəziləri bunu bir növ bilinçaltı sosial təqlid kimi qəbul edib romantik anlamlar yükləyib, bəziləri isə gözün qarşıdakı insanın gözündəki parıltı dəyişiminə təbii fiziki reaksiyası kimi dəyərləndirib.
Ancaq göz bəbəyi böyüməsinin psixoloji səbəbləri də var. Araşdırmalar intellektual, emosional, estetik və ya cinsi olaraq bir insanda maraq oyandıqda göz bəbəklərinin böyüdüyünü göstərib. Bununla bağlı olaraq bəziləri böyümüş göz bəbəklərinə sahib üzlərin daha cazibədar olduğunu və beynin bunu avtomatik olaraq qəbul etdiyini iddia edib.
Hətta əsrlər öncə qadınlar cazibədar görünmək üçün göz bəbəklərini böyüdən bitki ekstraktları istifadə ediblər.
Mənbə: BBC
Tərcümə etdi: Sona Osmanova
