Bu gün:

Yuxusuzluq eqoizmə səbəb olurmu?


Bilirik ki, yuxusuzluq gərginliyə səbəb ola bilər, bəs yuxusuzluq insanlarda eqoizmə və empatiya azlığına səbəb olurmu? Sizin aqressiv və eqoist rəftarlarınızın səbəbi nizamsız və qısa yuxunuzla bağlı ola bilər.

Yuxu, şüurun tamamilə və ya bir hissəsinin xarici stimullara qarşı itirildiyi, reaksiya gücünün zəiflədiyi və hər cür fəaliyyətin əhəmiyyətli dərəcədə azaldığı təbii bir istirahət vəziyyətidir. Yuxu insan həyatının təxminən ⅓ hissəsini təşkil edir. Dərin yuxu dövrü orqanizmin dincəlməsinə və beynin gün ərzində qəbul etdiyi məlumatları emal etməsinə şərait yaradır.

Yuxu olmaması ürək-damar xəstəliklərinə, diabet və hipertoniya kimi fiziki xəstəliklərə, depressiya və panik atak kimi psixoloji xəstəliklərə səbəb olduğu bilinir. Ben Simon tərəfindən aparılan yeni bir araşdırmada yuxusuzluğun sosiallaşmaya təsir etdiyi və insanlara kömək etmək istəyimizi azaltdığı sübut edilmişdir. Bu araşdırmanın nəticələri göstərdi ki, yuxusuzluq insanlarda eqoizm və empatiyanın olmamasına səbəb olur.

Berkli Kaliforniya Universitetində alim Ben Simon və komandasının da olduğu tədqiqat qrupu 3 yeni araşdırma həyata keçirib. İlk araşdırmada 8 saat yatmış və gecə boyu yuxusuz qalan 24 könüllü seçilmişdir. Yuxusuz insanların MRT müayinəsi zamanı beynin empatiya hissələrinin daha az aktiv olduğu müşahidə edilib. İkinci araşdırmada 100-dən çox insan 3-4 gecə izlənilib. Bu dövrdə insanların yuxu keyfiyyəti, nə qədər yatdıqları, neçə dəfə oyandıqları ölçüldü. Ötən gecə rahat yatmayanlarda başqalarına kömək etmək istəyinin azaldığı müşahidə edilib. Bu tədqiqatların ən maraqlısı üçüncü mərhələdir. ABŞ-da 2001-2016-cı illər arasında 3 milyon xeyriyyəçinin etdiyi ianələrin məlumat bazası araşdırılıb. Araşdırılan bu məlumatlara görə, yay vaxtına keçdikdən sonra (yəni 1 saat az yatdığınız üçün) ianələrdə 10% azalma aşkar edilib.

Bu məlumatlardan göründüyü kimi, hətta kiçik yuxu çatışmazlığı da bizə böyük təsir göstərir. Bundan əlavə, yuxusuzluğun tək olmaq istəyini artırdığı və digər prososial davranışları da azaltdığı bilinir.

Mənbə: bilim up
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et