Bu gün:

Kompüter oyunlarının məktəblilərə təsiri




24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil psixoloqu Famil Səfərovdur. O, məktəblilərin psixologiyasına təsir edən kompüter oyunlarının müsbət və mənfi təsirlərindən bəhs edib.

-Kompüter oyunlarının məktəblilərə müsbət və mənfi təsiri nələrdir?

Son illər bu mövzuda psixoloqlara müraciət edən valideynlərdən, demək olar ki, eyni məzmunda şikayətlər eşidirik: uşaq bütün günü kompüterin qarşısında oturur və dərslərini oxumaqdan imtina edir. Kompüter və mobil telefon oyunlarına qadağa qoyduqda, yaxud uşaq oyunun növbəti mərhələsinə keçə bilmədikdə isə, çox gərgin və aqressiv olur. Müasir dövrdə kompüter oyunları uşaqlarda idrak proseslərinin normal inkişafına mane olur- təfəkkürü, təxəyyülü ləngidir, onlarda diqqət əskikliyi yaradır, böyük və kiçik matorikanın harmonik inkişafına ciddi əngəllər törədir. Müqayisə üçün misal gətirək: uşaq hər hansı bir kitabı oxuyub nəyisə dərk edib analiz edə bilirsə, onun təfəkkürü inkişaf edir. Müxtəlif elektron oyunlar isə  uşağı təhsildən uzaqlaşdırır, kitabdan, bilik almaq istəyindən soyudur. O, artıq sərbəst mühakimə yürütməyi, normal  müqayisə aparmağı bacarmır, ünsiyyət əskikliyi yaşayır və əksər hallarda sosiallaşa bilmir. Əvvəllər uşaqlar nağıllar, hekayələr oxuyur və ya özləri üçün taxtadan, qumdan nəsə düzəldirdilərsə, bu onlarda təxəyyülün, böyük matorikanın inkişafına gətirib çıxarırdı. Yaxud uşaqlar əvvəllər plastilindən fiqurlar düzəldir, rəsm çəkirdilərsə, bu onlarda kiçik və incə matorikanın inkişafını stimullaşdırırdı. İndi isə rəsm çəkən uşağa nadir halda rast gəlmək olur. Artıq yeniyetməlik dövründə mücərrəd təfəkkür inkişaf etməlidirsə, bu, uşaqlarda inkişaf etmir. Əvvəlki uşaqlara sual verəndə ki, "həyat nədir?" sərbəst cavab verirdilər. Bugünkü uşaqlar isə bu tip suallara cavab verməyə çətinlik çəkirlər.

Düşünürəm, uşaqlarda kompüter oyunlarından asıllılıq yaranmasının əsas günahkarı valideynlərdir. Əlbəttə, indiki dövrdə uşaqları elektron daşıyıcılardan tamamilə uzaqlaşdırmaq müşkül məsələdir və heç məsləhət də deyil. Uşağın istifadə etdiyi cihaza uşaqlar üçün hazırlanmış  xüsusi proqram təminatı yazdırmaq lazımdır. Sonrası isə  uşağa ciddi gün rejimi qurmaq, oyunlar uçün konkret vaxt ayırmaq, asudə vaxt üçün daha maraqlı və əyləncəli oyunlar seçməyi tövsiyə edərdim. Digər tərəfdən, uşaqların kompüterdən düzgün, bilik mənbəyi kimi isifadə etməsi, informasiyanın əlçatanlığı baxımından çox önəmlidir və hazırda bəzi təqdiqatlara görə hətta uşaqların intellektinin inkişafına müsbət təsir edir. İsveç alimləri kompüter oyunlarının 5 minə yaxın 9-10 yaşlı uşaqlarda oxuma bacarığı, söz ehtiyatı, idarəetmə qabiliyyəti, vizual işləmə bacarığı, diqqət və öyrənmə meyarları, İQ səviyyələrinin yüksəldiyini müşahidə ediblər. Lakin bu eksprement zamanı yalnız koqnitiv sahə tədqiq olunub, yəni uşaqların idrak qabiliyyətlərinin zəifləmədiyi öyrənilib, amma kompüterin onların fiziki fəaliyyət sferasına, yuxu, rifah və ya məktəb performansına təsiri hələ öyrənilməyib.

Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et