Bir fincan təzə sıxılmış meyvə şirəsi gündəlik vitamin ehtiyacımızı təmin etmək üçün yaxşı bir üsuldurmu? Qan şəkəri və insulin səviyyəsinə bu necə təsiri göstərir?
İşi həddindən artıq olan və sağlam qidalanmağa çalışanlar baxımından təzə sıxılmış meyvə suyu həm vaxt qazanmaq, həm də gündəlik vitamin ehtiyacı təlabatını ödəmək üçün yaxşı bir üsul olaraq qəbul edilir. Bundan başqa, meyvə şirəsi artıq çəkidən xilas olmaq və bədəni təmizləməklə də əlaqələndirilir.
Bəs sıxılmış meyvə şirəsi, həqiqətən, düşündüyümüz qədər faydalıdırmı?
Bütün meyvələr "meyvə şəkəri" kimi tanınan fruktozadan təşkil olunub. Gündəlik kaloriya ehtiyacından kənara çıxmadığı müddətdə fruktozanın zərəri olmaz. Çünki parçalanmamış meyvələr liflidir və təşkil etdiyi şəkər də meyvə hüceyrələrinun içindədir. Həzm sisteminin bu hüceyrələri parçalaması və fruktozanın qana qarışması müəyyən vaxt tələb edir. Amma meyvə şirəsi üçün eyni şey keçərli deyildir.
Lifli qidaların əhəmiyyəti
Meyvə şirəsində lif yoxdur. Bütöv meyvədən fərqli olaraq buradakı fruktoza "sərbəst şəkər" adlandırılır. Bal və qidalara qatılan şəkər də bu kateqoriyaya aiddir. Məsələ ondadır ki, lifdən təmizlənmiş olduğu üçün meyvə şirəsindəki fruktoza bədəndə daha sürətlə əmilir. Bu qan şəkərində sürətli artıma səbəb olur və mədəaltı vəz bu səviyyəni normala endirmək üçün insulin ifraz edir. Vaxt keçdikcə bu mexanizmin tükənməsi 2 tip diabet riskini ortaya çıxara bilər.
Tərəvəz tərkibli meyvə şirələri daha az şəkərli olur, ancaq o da əhəmiyyətli liflərdən məhrumdur. Bunun səbəbi, mayelərin qatı qidalarla müqayisədə mədədən nazik bağırsağa daha sürətlə keçməsiylə əlaqələndirilib. Yəni bütöv meyvə ilə meyvə şirəsinin qida maddəsi eyni olsa da meyvə şirəsi qandakı qlükoza və insulin səviyyəsində daha sürətli dəyişikliyə yol açır. Mütəxəssislər bunu meyvədəki lif kimi bəzi maddələrin meyvə şirəsində olmamasıyla əlaqələndirirlər.
Daha sağlam necə olur?
Ötən il dərc edilən bir araşdırma meyvə şirəsini daha sağlam vəziyyətə gətirməyin mümkün ola biləcəyini göstərib. Meyvəni sadəcə suyunu çıxaracaq şəkildə sıxmaq yerinə, özü, çəyirdəyi və qabığı ilə birlikdə blenderdə əzmək… Beləliklə, həzm daha üzun müddət davam etdiyindən qan şəkəri səviyyəsində qəfil dəyişikliklərə səbəb olmur.
Hər meyvənin fiziki quruluşu fərqli olduğu və təşkil etdiyi qidalar müxtəlif yerlərdə yerləşdiyi üçün bir sıxma texnikası hamısına uyğun gəlməyə bilər. Məsələn, üzümdəki qidaların çoxu onun çəyirdəyindədir. Portağal qabığının da faydalı tərkibi var. Adət etdiyimiz sıxma üsulları ilə bunlardan faydalanmamış oluruq.
Mənbə: BBCnews
Tərcümə etdi: Aytac Musayeva
