Bu gün:

Qida rejimi çəkimizə necə təsir edir?


İnsanın bədən saatı, metabolizması və həzm sistemi arasında qarışıq bir əlaqə mövcuddur. Ona görə də sadəcə nə yediyiniz yox, həm də nə vaxt yediyiniz önəmlidir.

ABŞ-də həyata keçirilən araşdırma nəticəsində məlum olub ki, ali təhsilə başlayan gənclər tez bir zamanda təxminən, 7 kilo kökəlirlər.

Diabet və ürək xəstəlikləriylə yanaşı, çəki artımının da yediyimiz yeməklərin kalorisindən asılı olduğu çox deyilib. Amma araşdırmalar göstərir ki, sadəcə nə yediyimizin yox, nə vaxt yeməmiz də olduqca vacib faktordur.

Yemək saatları nə üçün önəmlidir?

Çəki azaltmaq üçün tətbiq edilən pəhrizlərin fərqli təsirlərindən də görünür ki, eyni miqdarda qəbul edilən kalorilər hamıda eyni nəticələrə gətirib çıxarmır. Səhər yeməyində kalori qəbul edənlər bunu şam yeməyində edənlərdən 2,5 dəfə çox arıqlayırlar.

Bir çox insan bunun səbəbini gecə yeyilən yeməklərdəki kalorinin heç sərf edilməməsiylə izah edir. Halbuki orqanizm hətta yuxu halında da fəaliyyət göstərir və deməli, gecələr də enerji itirir.

Kökəlməyin daha hansı səbəbləri var?

Səhər yeməyini həzm etmək üçün daha çox enerji sərf edildiyi bilinən faktdır. Amma bunun çəkiyə təsirini sübut edən konkret faktlar mövcud deyil.

Daha bir ehtimal, gecələr yemək yeməyin gün ərzindəki ümumi qidalanma müddətini uzatmasıdır. Bu, həzm sisteminin bərpa olunmaq və yağları əridə bilmək fürsətini azaldır, çünki bu proses orqanlarımız qida qəbulunun bitdiyini "anladığı" zaman başlayır.

Nə etməli?

İlk və ən doğru addım yuxu və yemək saatlarını nizama salmaqdır. Bu, bədənimizdəki fərqli saatların bir-birinə uyğun şəkildə işləməsinə şərait yaradır. Amma önəmli olan təkcə yuxu saatı deyil, yuxunun müddəti də vacib faktordur. Yetkin yaşlı adamlar gün ərzində 7-8 saat yatmalıdırlar.

Bundan başqa, yemək saatlarını 12 saatlıq çərçivədən kənara çıxarmamaq və bədənə dincəlmək imkanı da yaratmaq lazımdır.

Bədən saatı mütəxəssisi Panda deyir ki, "Bütün canlılar 24 saat daxilindəki qaranlıq və işıq nisbətinə və buna hesablanmış yemək və aclıq dövrlərinə uyğunlaşaraq inkişaf edib. Bu həlqələr arasındakı ən vacib əməliyyatlardan biri hər gecə orqanizmin bərpasına və yenilənməsinə şərait yaratmaqdır. Yolda çoxlu maşın varkən orda təmir işləri apara bilməzsiniz".

Mənbə: BBC news

Tərcümə etdi: Aytac Musayeva

 

Paylaş
Şərh əlavə et