Bu gün:

Niyə yaş ötdükcə boy qısalır?


Əksər insanlar üçün boy itkisi yaşlanmanın bir hissəsi olaraq 30 yaşlarında başlayır. Kişilər 30 ilə 70 yaş arasında təxminən bir santimetr, qadınlar isə iki santimetrə qədər itirə bilər. 80 yaşından sonra hər iki cins də əlavə bir santimetr itirə bilər.

Bu vəziyyətin bir çox səbəbi var. Məsələn, oynaqlarımızdakı qığırdaq zamanla köhnəlir və osteoparoz səbəbiylə onurğa qısalmağa başlayır. Yaşlandıqca bədənimizdəki əzələ kütləsi də azalmağa başlayır. Bu vəziyyətə "sarkopeniya" deyilir və əzələ itkisi ilə yanaşı zəiflik, kövrəklik və boy itkisi də baş verir. Bundan əlavə, osteoporozun səbəb olduğu zəifləmiş sümüklər onurğaya təzyiqi artırır və bu da boyun daha da qısalmasına səbəb olur.

İldə bir və ya iki santimetr itirirsinizsə, bu, daha ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Yaşlanmanın yaratdığı boy itkisini tamamilə dayandırmaq mümkün olmasa da, bəzi vərdişlərimizi dəyişdirərək bu prosesi ləngidə bilərik.

Siqaret çəkmək, həddindən artıq spirt və ya kofein qəbul etmək, pis qidalanma və oturaq həyat tərzi boy itkisini sürətləndirə bilər. Kalsium və D vitamini ilə zəngin qidaların, xüsusilə süd məhsulları, meyvə və tərəvəzlərin qəbul edilməsi sümük sağlamlığına kömək edə bilər. Bundan əlavə, ağırlıq qaldırma məşqləri də boy itkisinin qarşısını almağın ən təsirli yollarından biridir.


Mənbə: Onedio.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et