Almaniya qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq və təhlükəsizlik üçün sərhəd nəzarətinə başlayacaq
Almaniyanın Daxili İşlər və İcma üzrə Federal Naziri Nensi Faeser qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması və daxili təhlükəsizliyin qorunması üçün ölkənin quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarətinin başlayacağını açıqlayıb.
Berlində keçirdiyi mətbuat konfransında Faeser altı ay müddətində Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarətinin aparılacağını Avropa Komissiyasına bildirdiyini və sentyabrın 16-dan başlayacaq bu tətbiqin 6 ay davam etməsinin planlaşdırıldığını ifadə etdi.
Faeser, Avropa qanunlarına və milli qanunlara uyğun olaraq həyata keçiriləcək bu qərarın səbəbini Almaniyaya ağır bir yük gətirməyə davam edən qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması, habelə daxili təhlükəsizliyin terrorizm və transsərhəddən qaynaqlanan mövcud təhdidlərə qarşı qorunması ilə izah edib.
Hazırda Polşa, Çexiya, Avstriya və İsveçrə ilə quru sərhədlərində aparılan nəzarətlər sayəsində 30 mindən çox qeyri-qanuni immiqrantın geri göndərildiyini bildirən Faeser, bu nəzarətlərin Almaniyanın bütün sərhədlərində həyata keçiriləcəyini bildirib.
Federal polisin Almaniyanın bütün quru sərhədlərində sabit və mobil tədbirlər görəcəyini qeyd edən Faeser, "Bu, ancaq federal polisi ildə min nəfərlə gücləndirməyə davam etdiyimiz təqdirdə mümkündür. Qonşu ölkələrimizlə sıx koordinasiya fəaliyyət göstərmək və sərhəd bölgələrində səyahət edənlərə və gündəlik həyata təsirini mümkün qədər aşağı səviyyədə saxlamaq gələcəkdə bizim üçün çox vacib olmağa davam edəcək"- dedi.
Mənbə: m.haberturk.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
