Bu gün:

Uşaqları telefondan, komputerdən necə uzaq tutmaq olar?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Məleykə İsmayılovadır. O, texnoloji vasitələrdən çox istifadə olunma zamanı yaranan fəsadlardan və qorunma üsullarından danışıb. 

Bir çox insanlar, xüsusilə də, uşaqlar texnologiyadan həddindən artıq istifadə edirlər. Bəs, uşaqları telefondan, komputerdən necə uzaq tutmaq olar? 


-Müasir dünyamızda heç bir insan, istər uşaq, istərsə də böyük, özünü telefonsuz, komputersiz təsəvvür edə bilmir. Son 15 ildə bu texnoloji vasitələr hayatımıza o qədər çox daxil olub ki, uşaqları onlardan ayrı tutmaq müşkül məsələyə çevrilib. Çünki analar hamiləlik dövründə özləri də fərdi telefonlardan, sosial şəbəkələrdən istifadə edir, yaxud bu sferalarda işləyirlər. Uşaq artıq ana bətnindən bunları "tanıyaraq" dünyaya gəlir. Ana yalnız bir yaşa qədər uşağın  telefonlarla ünsiyyətini nəzarətdə saxlaya bilər.  Əgər uşaq bağçaya, məktəbə gedirsə, yəni müxtəlif sosial mühitlərdə iştirak edirsə, bir müddət sonra texnoloji vasitələrin diqqət çəkən vasitələr olduğundan özü də əmin olur. Oradakı şəkildəyişmələr, müxtəlif rəng çalarları cəlbedici olduğuna görə artıq uşaq bu vasitələrə meyil etməyə başlayır. 


Telefon, komputer olmasa belə, uşağın "rahatlaşması, sakit qalması" üçün televiziyalardan istifadə olunur. Kiçik yaşlı uşaq cizgi filmə baxa bilər, ancaq onun da müəyyən bir müddəti olmalıdır. Yəni uşağın yaş dövrlərinə uyğun olaraq, valideynlər bilməlidirlər ki, bu zərərli vasitələrdən uşaqları bacardıqları qədər uzaq tutsalar, bir o qədər uşağın beyin fəaliyyətini, normal funksionallığını qorumuş olarlar. Uşaq ətraf aləmi öyrəndiyi, söz lüğətinin yığıldığı, nitqinin inkişafının getdiyi dövrdə bu vasitələrdən istifadə etsə, funksionallıqlar pozulmuş olur. Həmçinin bunlar uşaqlarda diqqət əskikliyinə, konsentrasiya zəifliyinə səbəb olur. Bu da bir çox şeylərdə özünü göstərdiyi kimi, məktəb dərslərinə də mənfi təsir edir. 


Müasir dövrdə mərkəzlərimizə müraciət edən uşaqların çoxunda nitq qüsurları, anlama-qavrama problemləri var. Bunlar olmasa belə, onların sinir sistemində, davranışlarında ciddi problemlərin olduğu görünür. Biz müasir korreksiyaedici vəsaitlərdən istifadə edəndə, hansı ki, onlar bunu ilk dəfə görür, ancaq ilk 8-10 dəqiqədə uşağın diqqətini cəlb etmək mümkün olur. Daha sonra uşaq bunu öyrənmədən, sonuna qədər istifadə etmədən, başqa bir şey istəyir. Buna səbəb həmin bu telefon, televiziyalardır. Ekranlar uşağın hələ inkişafda olan defond bölgəsinin inkişafdan geri qalmasına səbəb olur. Bu, əslində, seçici bölgədir, hansı ki, biz yatdığımız zaman belə o, gün ərzində öyrəndiklərimizi beyin "seçir" ki, bu mənə lazımdısa, "saxlayım" , deyilsə, "atım".  Beləliklə, həmin bu mexanizmlər pozulur. Ona görə də, uşaq informasiyaları bir-birinin ardınca istəyir, səbirsizlənir.  


Bütün bunların qarşısını almaq, əsasən, 7 yaşa qədər mümkündür. Bu dövrdə uşaq valideynin daha çox nəzarətində olduğuna görə buna nail olmaq olar. Düzdür, valideynlərin çox hissəsi artıq işləyir, övladlarını dayələrə tapşırırlar. Baxırıq ki, burada da ayrılıqlar yaranır, telefonla ünsiyyətin az olmasına dayə də riayət etmir, çünki uşağın başını onlarla qatmaq daha rahatdır. Amma 7 yaşa qədər uşaqlar gün ərzində 20 dəqiqədən çox telefona, planşetə və digər texnoloji vasitələrə baxmaması məsləhətdir. Daha çox uşaqları məşğuliyyətlərlə cəlb etmək gərəkdir.  


Məsələn, biz öz mərkəzimizdə uşaqların rəqəmsallıqdan, komputerlərdən uzaqlaşması üçün müxtəlif məşğuliyyətlər təşkil etmişik. Beləliklə, valideynlər də uşaqlarının marağı olan sahəni tapıb, onları bu sahələrə cəlb edə bilərlər. Həmçinin azyaşlı uşaqların da texnologiya ilə əlaqəsinə ciddi nəzarət etmək lazımdır. Nə qədər kiçik yaşlı olsa da, yenə də onu istəyir, sözlə deyə bilməsə də, ağlayaraq, əl hərəkətləri ilə istəyir. Çünki bu uşağın diqqətini cəlb edir, valideynə də, eyni zamanda, təəssüf ki, rahatlıq verir. Valideynlərə onu deyə bilərəm ki, bu rahatlıq üçün övladlarınızı texnologiyadan asılı hala salmayın. Onlarla ünsiyyət zamanı telefonları kənara qoysanız, onlara nümunə ola bilərsiniz. Onları daha çox aktiv həyata, təmiz havada gəzməyə cəlb edin, ətraf-aləmi öyrətməyə çalışın. Bununla həm özünüzün, həm də övladlarınızın texnologiyadan daha az zərər görməsinə nail ola bilərsiniz.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et