Marqulan adına Arxeologiya İnstitutundan və kəşfi edən qrupun rəhbəri Janbolat Utubayev deyir ki, Qazaxıstanın Ulytau bölgəsində tapılan bu çoxəsrlik kurqanlardan üçü arxeoloqların “bığlı kurqanlar” adlandırdıqları kurqanlardandır. Utubayev deyir ki, “Bu kurqanların üzərindən keçən daş silsilələr onları “bığlı” edən detallardır”.
Qazaxıstanda orta əsrlərə (təxminən 600-1500) aid olan “bığlı” kurqanlar kifayət qədər yayılmışdır. Utubayev qeyd edir ki, onlardan 400-dən çoxu təkcə mərkəzi Qazaxıstanda aşkar edilib. Bu kurqanlar müxtəlif ölçülərə malikdir, diametri təxminən 3 ilə 15 metr arasındadır.
Komanda kurqanı qazarkən insan qalıqlarını tapıb. Bu şəxslə birlikdə üçbucaqlı ox ucu da basdırılıb. Utubayevin sözlərinə görə, bu adamın kim olduğu və necə öldüyü bəlli deyil, lakin sonrakı araşdırmalar ölümün səbəbini aydınlaşdıra bilər.
Marqulan Arxeologiya İnstitutundan verilən açıqlamaya görə, yeni tapılan kurqanların dəqiq tarixi qeyri-müəyyən olsa da, onların orta əsrlərə aid olduğu güman edilir. Bu dövrdə Qazaxıstanda insanların bir qismi köçəri həyat tərzi keçirmiş, digərləri isə daha oturaq həyat tərzi keçirmişlər.
Məsələn, Qazaxıstanın cənub-şərqində yerləşən və Çin ilə Avropa arasında İpək Yolunun mühüm dayanacağı olan Taraz şəhərində çoxlu məskunlaşmış insanlar yaşayırdı. Bununla belə, bəzi digər qruplar köçəri həyat tərzini davam etdirirdilər. Bu köçəri qrupların ən məşhuru 13-cü əsrdə bölgəni fəth edən monqollar idi. Yeni tapılan kurqanlar monqol istilasından əvvəl ola bilər, lakin onların köçəri qrupa aid olduğu güman edilir.
Mənbə: arkeofili.com
Tərcümə etdi: Aydan İbrahimli
