
Xüsusilə, yay axşamları çöldə oturarkən, işığın ətrafına toplaşan böcəkləri görmüş ola bilərsiniz. Bu vəziyyət bəzi böcək növlərində müşahidə olunur. Bu böcək növləri işığa müxtəlif yollarla reaksiya verir. Bəziləri işığa doğru hərəkət edir, bəziləri isə ondan qaçır. Həşəratların bu davranışı “fototaksis” adlanan davranış növü ilə izah olunur.
Fototaksis nədir?
“Fototaksis” canlının işıq mənbəyinə qarşı hərəkətidir. Bu hərəkət ya işıq mənbəyinə doğru, ya da işıq mənbəyinin əks istiqamətindədir. İşığa doğru hərəkət edən güvə və milçək kimi canlılarda müsbət fototaksis müşahidə edilir. İşıq mənbəyinin əks istiqamətində hərəkət edən tarakanlar mənfi fototaksis davranışının nümunələridir.
İnsanlardan fərqli olaraq, həşəratların gözləri seqmentlərə bölünür və təsvirləri daha vahid mozaika kimi qəbul edirlər. Böcəklərin gözləri insanlardan daha geniş bucaqları görə bilir. Ətrafındakı işığı çox daha inkişaf etmiş bir şəkildə toplayır və beləliklə, ani dəyişiklikləri çox tez aşkar edə bilirlər.
Görmə prosesi beyində dərinlik, işıq və hərəkət kimi xüsusiyyətlərin şərhi nəticəsində həyata keçirilir. Bu şərhdə fotoreseptor hüceyrələr iştirak edir. Fotoreseptorların və görmə qabiliyyətinin yaranması prosesi canlılar arasında dəyişir.
Böcəklərdə tapılan fotoreseptorlar insanlardan daha geniş dalğa uzunluqlarını aşkar edə bilir. UV (ultrabənövşəyi) və infraqırmızı dalğa uzunluqları bəzi həşəratlar tərəfindən daha yaxşı qəbul edilir. Təbiətdəki Ay və Günəş kimi işıq mənbələrindən yayılan dalğa uzunluqları böcəklər tərəfindən fərq edilir və qidalanma və səyahət vaxtları kimi vəziyyətləri təyin etmək üçün istifadə olunur.
Güvə və milçəklər işıq mənbəyi-həşərat əlaqəsi olan ən çox yayılmış nümunələrdir. Güvə və milçəklərin göstərdiyi müsbət fototaksisin dəqiq səbəbi məlum deyil. Ancaq böcəklərin bu davranışını izah edən bir neçə nəzəriyyə var. Bu nəzəriyyələr, ümumiyyətlə, naviqasiya, yemək tapmaq və istilik mənbəyinə çatmaq kimi səbəblərə əsaslanır. Bundan əlavə, mavi-yaşıl yosunlar kimi mikroorqanizmlər fotosintez etmək üçün işığa doğru çevrilir.
Mənbə: bilim up
Tərcümə etdi: Sevil Azər
