Məktəblərin açılmasına sayılı günlər qalıb. Məktəbə ilk dəfə addım atacaq, valideynlərindən bir neçə saat ayrı olacaqları üçün birincilər daha çox həyəcanlı, narahat olurlar. Bu ərəfədə uşaqlarla necə davranmaq lazımdır?
Bu haqda psixoloq Vəfa Rəşidova 24Media.az-a danışıb.

-Valideynlər uşaqları məktəbə psixoloji olaraq hazırlamalıdırlar, onları həvəsləndirməlidirlər. Birlikdə məktəb ləvazimatları alarkən onlara motivasiya verməlidirlər. Məktəb gününün başlaması ilə onların saatlarla ayrı qalacaqları barədə söhbət aparmalıdırlar, bunu normallaşdırmalıdırlar. Uşaqlarda özgüvən yaratmalıdırlar. Uşaq özgüvənli olmalıdır ki, məktəbə gedərkən dediyimiz problemləri yaşamasın. Yəni valideyndən uzaq qalarkən narahatlıq yaşamasınlar, iaterik davranışlar sərgiləməsinlər. Nə müəllimləri, nə də digər şagirdləri narahat etsinlər. Uşaq özgüvənli, valideyn isə rahat olsun.
Uşaqları narahat edən halların yaranmasında səbəb bəzən valideynin onu düzgün marifləndirməməsi, eyni zamanda, onu buna hazırlamaması olur. Bu məsuliyyət hər iki valideynin-ata və ananın üzərinə düşür. Eyni zamanda, ilk sinif müəllimi də mülayim, mehriban olmalıdır ki, uşaq sinfə tez uyğunlaşa bilsin və müəllimlə təmasda olarkən valideynin yoxluğunu hiss etməsin. Təbii ki, burada da müəllimin peşəkarlığı çox önəmlidir. Təəssüflər olsun ki, bu gün belə peşəkar müəllimlər barmaqla sayılacaq qədər azdır. Nə xoş o məktəblinin halına ki, o peşəkar bir müəllimin şagirdi olacaq. Xüsusilə də, bu birinci siniflərə aiddir. Bu məsələdə ən önəmli olan həm valideyn, həm də müəllim tərəfdən insanlığın sərgilənməsidir.
Lalə Hüseynova
