Bu gün:

Yaxşı yuxu üçün nə etmək lazımdır?


Elmi araşdırmalar göstərir ki, yuxusuzluq beynimizə və bədənimizə ciddi təsir göstərir. Yuxunun insanın həyat keyfiyyətinə müsbət təsir etdiyini göstərən çoxlu elmi araşdırmalar var. İş o yerə çatıb ki, elm adamları indi yuxunun faydalarının nə olduğu sualını bir kənara qoyublar. Əvəzində yuxunun kömək etmədiyi sahələr olub-olmadığını araşdırmağa başladılar. Çünki insan orqanizmində müəyyən fizioloji sistemlər və beyinlə bağlı fəaliyyətlər yatarkən yenilənir. Yuxusuzluq halında ciddi problemlər yaranır. Ancaq yuxunun bütün faydalarına baxmayaraq, yuxuya getmək həmişə asan olmur.

Yaxşı bir yuxu rejimi qurmaq üçün ilk addım çox sadədir: hər gün eyni vaxtda yatın və eyni vaxtda oyanın. Bunlardan ən əsası oyanma vaxtınızı vərdişə çevirməkdir, çünki hər gün eyni saatda oyanmaq günün sonunda eyni vaxtda yuxuya getməyinizə kömək edir. Otağınızı qaranlığa qərq edin. Bədənin bioritminin tənzimlənməsində böyük əhəmiyyətə malik olan melatonin hormonunun ifrazı üçün qaranlıq bir mühit təmin edilməlidir. Yatmazdan bir saat əvvəl olduğunuz otağı qaranlıqlaşdırın. Melatonin ifrazına mənfi təsir göstərən digər bir faktor da elektron cihazların ekranından gələn mavi işıqdır. Yatmadan ən azı bir saat əvvəl elektron cihazlardan istifadəni dayandırın. Yaxşı yatmağın yolu yatdığınız yerdə sərin bir mühitə sahib olmaqdır. Çünki rahat yuxu üçün beynimizin və bədənimizin hərarəti normadan 1 dərəcə aşağı olmalıdır. Buna görə də yatdığınız otağın ideal temperaturu 18 dərəcə ətrafında olmalıdır. Yuxuya getmək üçün 20 dəqiqədən çox vaxt lazımdırsa, yataqdan qalxın və yuxunuz gələnə qədər başqa otaqda bir şey edin. Məsələn, kitab oxuyun, televizora baxın. Ancaq bunları yatağınızda etməyin. Yatağınızda yatmaqdan başqa heç bir fəaliyyətlə məşğul olmamaq beyninizin buranı yuxu ilə əlaqələndirməsinə kömək edir, bu da yuxu keyfiyyətinizi artırır. Bir çox insan gün ərzində çoxlu miqdarda kola, kofein və tein kimi sinir sistemini stimullaşdıran maddələr qəbul edir.  Professor Uolker xatırladır ki, qəhvənin tərkibindəki kofein bədəninizdə 12 saata qədər qalır. Beləliklə, yatmazdan bir neçə saat əvvəl qəhvə içmədiyinizi düşünsəniz də, əvvəllər qəbul etdiyiniz kofein bədəninizdə aktiv olaraq qalır. Professor Uoker yatmazdan 12 saat əvvəl bu maddələrin qəbulunu dayandırmağı tövsiyə edir. Məşhur inancın əksinə olaraq, spirtli içkilər sağlam yatmağa kömək etmir. Əksinə, yatmazdan əvvəl yüksək miqdarda spirtli içki qəbul etmək yuxu keyfiyyətinizə ciddi şəkildə mənfi təsir göstərə bilər.

Mənbə: BBC news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et