Bu gün:

Qədim Misir piramidalarını inşa edənlər misdən zəhərlənmiş ola bilər


Məşhur Giza piramidalarının tikintisi təkcə mühəndisliyin böyük uğuru deyil, həm də işçilərin sağlamlığına ciddi təsir göstərib.

Qədim dünyanın möcüzələrindən biri olan Misirin məşhur Giza piramida kompleksinin tikintisi baha başa gəlib. İşçilər nekropolda işləyərkən yüksək miqdarda misə məruz qalmış ola bilərlər, bu, metal çirklənməsinin ən erkən qeydə alınan nümunəsidir.

Qədim torpaq nümunələrində misin tapılması, bölgənin ilk dəfə məskunlaşdığı zaman və dövrün kral olmayan adi misirlilərinin yaşayış şəraiti ilə bağlı anlayışımızı dəyişə bilər. Zəhərli misin olması da alət istehsalı sənayesinin inkişaf etdiyini göstərən əlamət sayıla bilər. Üstəlik, yeni araşdırmalar sənaye çirklənməsinin əvvəllər düşünüldüyündən daha dərin bir tarixə malik olduğunu ortaya qoyur.

2019-cu ildə Fransanın Eks-Marsel Universitetinin geokimya qrupu Xufu, Khafre və Menkaure fironlarının piramidalarının yerləşdiyi bölgəyə yaxın olan bizə məlum tarixin ən qədim limanı olan 4500 illik Xufu limanında qazma işləri aparıb. Liman Nil çayının artıq mövcud olmayan qolunun yanında yerləşirdi. Elm adamları daha sonra mis və alüminium, dəmir və titan kimi digər metalların səviyyələrini ölçmək üçün plazmasız spektrometriya kimi tanınan bir texnikadan istifadə edərək nümunələri araşdırıblar.

Tədqiqatçıların fikrincə, misin olması alət istehsalı sənayesinin inkişaf etdiyini göstərir. Nümunələrdə metal işçiləri tərəfindən digər metalları gücləndirmək üçün istifadə edilən yarı metal element olan arsen var idi ki, bu da işçilərin bıçaq, kəski və qazma kimi alətlər hazırlamış ola biləcəyini göstərir. Belə alətlər piramida kompleksinin tikintisi üçün lazım idi.

Ətraf mühitdə misin çirklənməsi həm insan, həm də heyvan həyatına bəzi dəhşətli təsirlər göstərə bilər. Bu metalın kiçik miqdarı enerji istehsalı və qan damarlarının qurulması kimi müxtəlif bioloji funksiyalar üçün vacib olsa da, həddindən artıq məruz qalma qusma, ishal, ürək bulanması və qarın ağrısına, uzun müddətli məruz qalma böyrək və qaraciyərin zədələnməsi kimi daha dağıdıcı təsirlərə səbəb ola bilər. Qədim misirlilərin bu çirklənməyə görə hansı təsirlərə məruz qaldıqları bilinmir, lakin torpaq nümunələrində metalın olması onların necə yaşadıqlarını daha dərindən anlamaq imkanı verir.

Mənbə: arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et