Bu gün:

“Uşaqlarda istəksizlik yarana bilər”


24media.az-ın növbəti müsahibi, psixoloq Aytəkin Məmmədovadır. O, məktəbəqədər yaş periodunda olan uşaqlarla necə davranmalı olduğumuzdan danışıb.


-Məktəbəqədər yaş periodunda uşaqları dərsə həvəsləndirmək üçün nələr edilə bilər? Bu periodda valideynin rolu nədən ibarətdir? 



Uşaqları dərsə həvəsləndirmək üçün onları oyun fəalliyyətindən tamamilə çıxartmaq düzgün deyil. Onları məktəbə adaptasiya zamanı oyunu kənarlaşdırmaq olmaz. Çünki onlar məktəbdən gəldikdən sonra öz istədikləri məşğuliyyətlərə zaman ayırmalıdırlar. Əks təqdirdə bu uşaqların düşüncəsində məktəbin pis yer olduğu, onların zövqünə mane olduğu yer kimi formalaşa bilər. 

Həmçinin burada məktəbəqədər hazırlıq müəllimlərinin, ibtidai sinif müəllimlərinin rolu böyükdür. Onlar uşaqlara qarşı daha dəstəkləyici, həvəsləndirici olmalıdırlar. 


Valideynlərin rolu isə uşaqlardan daim dərs oxumağı tələb etməməkdir. Çünki həmişə dərs oxumağı tələb etsələr, uşaqlarda istəksizlik yarana bilər. Yaxud dərsə görə oyun saatına qadağa qoymaq, oyunla bağlı cəzalar vermək doğru olmaz. Valideynlər daim uşaqlarının yanında olmalıdırlar. Onlar nəyisə öyrənə bilmirlərsə, danlamaq, acıqlanmaq, həll oluna bilməyəcək bir problem kimi baxmaq əvəzinə, onları həvəsləndirməlidirlər. Valideyn dayanmadan uşaqdan mükəmməl, yaxşı oxumalı olduğunu tələb etsə, uşaq elə biləcək ki, o “5” alanda valideyni onu sevir, aşağı qiymət aldıqda isə əksinə. Əsas period budur. 


Ən önəmlisi, valideynlər digər insanların yanında övladlarının yaxşı və pis oxuması barədə fikirlərini deməməlidirlər. Çünki bu da məktəbə qarşı narahatlıq yarada bilir. Məsələn, uşaq yaxşı oxuyursa, o məktəbi sevir, amma bir mükəmməliyyətçi, səhv etməyə qarşı qapalı şəxsiyyət kimi böyümüş olur. Bu halda uşaq özünü dəyərləndirərkən bir başqasının gözündən görür. Pis oxuduğu deyilirsə, uşaq aqressivləşir. Belə ki, valideynlər övladlarının məktəb həyatı ilə bağlı müsbət və ya mənfi fikirləri başqalarının yanında səsləndirməsələr, fayda yönümlü ola bilər.


Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et