24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. O, uşaqların inkişafında oyuncaqların və oyunların təsirindən danışıb.
-Uşaqların həyatında oyuncaqların, oyunların rolu nədən ibarətdir?
Hər bir uşaq üçün oyun həyatın mənasıdır. Necə ki böyük insanlar səhər yuxudan oyanandan axşam yatana qədər nəsə işlə məşğuldurlar. Hərə öz ixtisasına, həyatına uyğun hər hansı bir işlə məşğuldur. Məsələn, ev işi, bayır işi, ofis işi, məktəbdə müəllimlərin, həkimlərin- hər kəsin necə işi varsa, uşaqlar da qeyri-ixtiyari, danışmadıqları, hələ nitqlərinin inkişaf etmədiyi, özlərini ifadə edə bilmədikləri halda sanki oyuncaqlara özlərinin bir qismini təqdim edirlər.
Oyuncaq, oyunlar uşaqların ayrılmaz hissəsidir. Ta ki 12 yaşına qədər uşaqlar bəzi oyunlara özləri üçün sakitləşmə, özünü ifadə etmə, təsdiq etmə, təhlil etmə mexanizmi kimi baxırlar. Bəzən böyüklər, valideynlər sanki uşaqların oyunundan əsəbiləşirlər. Amma bir şeyi fərq etmək lazımdır ki, biz bir-birimizə sözlərimizi ifadə edə bilərik, fikrimizi, münasibətimizi aydın şəkildə başa sala bilərik. Amma uşaqlar bunları oyun vasitəsilə edirlər, təbii ki, burada oyun yoldaşının da düzgün seçilməsi çox önəmlidir. Və ən yaxşı hal o ola bilər ki, ilk oyun yoldaşı uşağın öz valideyni olsun. Çox təəssüf ki, bəzən bunu valideynlər etmir, halbuki ilk oyun yoldaşı uşağın valideyni olanda uşaq valideyni ilə yaxşı ünsiyyət qura bilir.
Oyun oynamayan, oyuncaqdan istifadə etməyən uşağın nə yoldaşları ilə münasibətləri yaxşı ola bilər, nə nitqi yaxşı inkişaf edər. Əks halda uşaq özünə qapalı birinə çevriləcək. Valideynləri ilə oyunlar oynayan, oyuncaqlardan istifadə edən uşaq yaradıcılıq, ünsiyyət və sağlam düşüncə ilə böyüyür.
Dürdanə Əhədzadə