Bu gün:

Həm ana olmaq, həm işləmək – Şəhanə Müşfiqlə “1 sual, 1 cavab”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı yazıçı, jurnalist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi, “525-ci qəzet”in müxbiri Şahanə Müşfiqdir. O bu yaxınlarda ana olub. Bəzən Azərbaycanda qadınlar ana olduqdan sonra işdən qismən və ya tamamilə uzaqlaşırlar. Şəhanə Müşfiq isə ana olmasına baxmayaraq, aktiv olaraq iş başındadır.

Həm ana olmaq, həm işləmək. Qadınlar bu balansı necə qoruya bilərlər? Nə etməlidirlər ki, balans qorunsun və işin öhdəsindən gələ bilsinlər?

-Doğrusu, qızım doğulmazdan öncə, onun varlığını hələ ilk öyrəndiyim zamanlardan gələcəkdə işimlə analıq vəzifələrimi necə uyğunlaşdıracağım məni çox narahat edirdi. Amma bu narahatlığıma qalib gəlməyə elə həmin anlardan başladım. Bir qadın üçün hamiləlik ən çətin, məsuliyyətli və ağır dövrlərdən biridir. Mən isə, o dövrdə belə ən son günə qədər işimdən qalmadım, yazıb-yaratmağa, tədbirlərə, tamaşalara qatılmağa davam etdim. Universitetdə 4.5 aylıq analıq məzuniyyətimə çıxmağıma baxmayaraq, orada da işlərimi izləyir, çox uzaqlaşmaq istəmirdim. Hətta hamiləlik zamanımda 2 kitab yazıb, bir kitab da tərcümə etdim. Onlardan biri - şəhid mayor Emin Süleymanova həsr etdiyim kitabım övladım doğulandan sonra işıq üzü gördü və möhtəşəm təqdimat mərasimi keçirildi. Yeri gəlmişkən, qeyd edim ki, həmin mərasimə də qızımla birgə qatılmışdıq.

Qızım anadan olandan az sonra isə mən iş həyatıma təkrar dönüş elədim. Bu, nəyinsə məcburiyyəti yox, mənim ehtiyacım kimi bir şey idi. 17 yaşından etibarən işləməyə və aktiv həyata alışmış birini qəfil işdən ayırmaq mümkün deyil. Sadəcə burada işimin necəliyi də rol oynayır. Çünki mən jurnalistəm, yazıçıyam, mətbuat katibiyəm, yəni sırf yazı ilə məşğulam və ən çətin anda işimi evdən, ya da əlimin altında telefonun, komputerin olduğu istənilən yerdən idarə edə bilirəm. Amma, təbii ki, bu, həmişə belə olmur.

Haqlısınız ki, çox zaman qadınlar ana olduqdan sonra nəinki işdən, hətta sosial mühitdən, çevrədən, az qala dünyanın özündən də uzaqlaşırlar, bütün həyatlarını dörd divar arasında uşağa baxmağa sərf edirlər. Fikrimcə, bunu daha çox uşaqla çölə çıxmaq çətin olduğundan və o çətinliyi gözə almaq istəmədiklərindən edirlər. Bir növ tənbəllik kimi... Mən isə ilk gündən belə ana, belə qadın olmayacağıma özümə söz vermişdim. Qızım anadan olan andan biz onunla birlikdə gəzirik, işləyirik, tədbirlərə qatılırıq. Bizim Azalyamız ilk aylarından etibarən iş ortamında, mədəniyyət, ədəbiyyat mühitində böyüməyə başlayıb.

Balansı necə qoruduğumu soruşursunuz. Bütün vaxtımı qızım, ailəm, evim, işim və özüm deyə hissələrə bölmüşəm. Ta uşaqlığımdan saatla, vaxtla işləyən insan olduğumdan bu bölgü işimi xeyli asanlaşdırır. O yatarkən mən də yatmaq, ya da hansısa seriala baxmaq, telefonla oynamaq əvəzinə ya evimin işini görürəm, ya da yazı-pozumla məşğul oluram. Yəni gün ərzində boşuna xərclədiyim bir dəqiqəm belə yoxdur. Bütün işlərimi planlı şəkildə həyata keçirməklə balansı qoruyuram.

Eyni zamanda, qızımla birgə işə gedirəm, tədbirlərə qatılıram. Bu mənada ADMİU-nun rektoru professor Ceyran xanım Mahmudovanın və doğma kollektivimizin sonsuz anlayışını və həyat yoldaşımın müstəsna köməyini də vurğulamalıyam. Rəhbərlik və kollektivimiz ilk gündən məni hər şeydən öncə bir ana kimi dəstəkləyir və işlərimin öhdəsindən gələ bilməyim üçün köməklərini əsirgəmirlər.

Həyat yoldaşım isə həm fiziki, həm də mənəvi ən böyük dəstəkçimdir. Çox gərgin zamanlarımda atası qızımıza baxmaqda, ya da hansısa ev işlərimdə köməyimə çatır. Qeyd edim ki, ondan başqa heç bir köməyim də yoxdur.

Ümumilikdə, vaxtımı düzgün bölmək bacarığım, planlı olmağım və həm qızıma, həm də işimə olan sevgim sayəsində həm ana, həm də iş qadını kimi vəzifələrimin öhdəsindən gəlməyə çalışıram. Mübaliğəsiz, qadın zəif yox, zərif məxluqdur və o istəsə, hər şeyin öhdəsindən gəlməyi bacarar.

Günel Məmmədova  

Paylaş
Şərh əlavə et