24media.az-ın növbəti qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin karyera planlaması və inkişafı üzrə mütəxəssisi, UNEC-in karyera planlaması və inkişafı kafedrasının müəllimi Lalə Paşayevadır. O, ixtisas seçimi zamanı vacib olan məsələlərə aydınlıq gətirib.
Lalə xanım, bildiyiniz kimi artıq ixtisas seçimləri başlayıb. Sizcə, hansı sahələrdə təlabat daha çoxdur və daha yaxşı karyera yüksəlişi təklif edir?

-Belə bir deyim var: “Yaxşı bir peşə seçsəniz, heç vaxt işləmək məcburiyyətində qalmayacaqsınız”.
Öncə, onu deyə bilərəm ki, həyatımız boyu verdiyimiz bütün qərarlarda özümüzü nə qədər yaxşı tanımağımız mühüm rol oynayır. Özünütanıma prosesi geniş və uzunmüddətli prosesdir, ancaq haradansa başlamaq vacibdir. Elə ixtisas seçimi məsələsində də özünütanıma başalanğıc mərhələdir. Özünütanıma dedikdə, qısaca, dəyərlərimiz, inanclarımız, maraqlarımız, bacarıqlarımız, güclü və zəif tərəflərimizin analizi başa düşülə bilər.
Təəssüf ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da gənclərin ixtisas seçimində çox vaxt qərarı valideynlər verir. Valideyn məlumatlı deyilsə, gənc hansısa dost-tanışa, müəllimə və.s yönləndirilir ki, onlar da çox vaxt prosesə qeyri-peşəkar yanaşır. Hər işdə olduğu kimi ixtisas seçimi prosesində də bu işi peşəkar görən şəxslər var. Təhsili və iqtisadiyyatı inkişaf etmiş ölkələri nümunə gətirsək, ixtisas seçimi mərhələli şəkildə olmalıdır. Bu da qısamüddətli proses deyil. Əvvəl qeyd etdiyim özünütanıma, sonra bir qədər bazar araşdırması və sonda təyin olunmuş məqsədlər, ona uyğun fəaliyyət planı. Bütün bunlar, gənc orta təhsilini tamamlanmadan müəyyən olunmalıdır. Burada həm təhsil sistemi, həm də cəmiyyətin ümumi düşüncə tərzi təsiredici faktordur.
Biz gənclərimizə uşaqlıqdan seçim haqqı vermirik. Onların həyatındakı çox şeyi soruşmadan qərar veririk. Hansı bağçaya gedəcək, məktəbə gedəcək, hansı bölmədə oxuyacaq və sonda hansı ixtisası seçəcək. Bütün bu qaçqahaqaçlar içində gənclərə qonşunun uşağından geri qalma basqısı ilə özünü sorğulama fürsəti vermirik. Nəticədə, ətrafımız sevmədiyi peşədə 30-40 il işləyən, xoşbəxt olmayan insanlarla çevrilir.
Bir məqam da var, gənclər bəzən seçim zamanı bir qədər xəyalpərəst yanaşa bilirlər. Bu da valideynlərdə müdaxilə istəyi yaradır. Əlbəttə, hər bir valideyn övladı üçün ən yaxşısını istəyər, ancaq gənclər xəyalları və istəkləri ilə real dünyanın tələblərini qarşılaşdırmalıdırlar. Bu mənada ixtisas seçimində əmək bazarını nəzər almaq mühüm amildir.
Uzunmüddətli prosesdə bu sualları özünüzə verərək daha düzgün ixtisas seçimi etmək mümkündür:
1. Mən nələri yaxşı bacarıram?
2. Hansı fənləri mənimsəmək mənə daha asandır?
3. Hansı istiqamətlərdə daha uğurluyam?
4. Nə edəndə mən özümü xoşbəxt hiss edirəm?
5. Mənim şəxsi xüsusiyyətlərim seçmək istədiyim sahəyə uyğundurmu? (Misal, çəkingən, özünəqapalı, insanlara təsir etmə bacarığı zəif biri üçün satış, siyasət, hüquq və.s kimi istiqamətlər uyğun olmaya bilər və yaxud maliyyə, bank, iqtisadiyyat, dövlət sektoru kimi sahələri seçmək istəyən biri sistemli, diqqətli, qaydalara bağlı, yüksək məsuliyyətə malik biri olmalıdır)
6. Öncəliklərim nədir? (Misal, kiminsə üçün iş həyatında maddi gəlirin çox olması önəmlidir, kiminsə üçün akademik karyera, kiminsə üçün isə məşhur olmaq, status, güc, səlahiyyət, yüksək hörmət və.s öncəlik ola bilər)
6. Özünüzə uyğun olanı seçin. Bunun üçün həmin peşə və ya ixtisas istiqaməti üzrə fəaliyyət göstərən onsanlarla ünsiyyət qurub iş rejimi, iş mühiti, iş dəyərləri ilə bağlı söhbət edin.
7. Seçəcəyiniz ixtisasın gələcəyi ilə bağlı araşdırma edin.
Bütün bunlarla yanaşı, onu da qeyd etməliyəm ki, ixtisas seçimi ömrüboyu davam edəcək bir prosesdir. Buna görə də, insan özündə ən çox ömürboyu öyrənmə bacarığını inkişaf etdirməlidir.
Qeyd etdiyininiz kimi artıq ixtisas seçimləri başlayıb və bu məqamda ən vacib olanı hazırda əmək bazarında hansı ixtisaslara və peşələrə tələbatın olduğu bilməkdir. Daha çox texnoloji yeniliklərə adaptasiyası asan, iqtisadiyyatın, cəmiyyətin dəyişən ehtiyaclarına və qlobal trendlərə uyğun ixtisaslara öncəlik verilməsi məqsədəuyğundur.
Bir neçə misal verməli olsaq, IT istiqaməti üzrə, proqram təminatı, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, “Data Science” üzrə mütəxəssis, süni intellekt üzrə mütəxəssis, süni intellekt üzrə etik məsləhətçi, Robot mühəndisi, IT layihələrinin idarə olunması üzrə mütəxəssis, telekommunikasiya mühəndisi, biotexnologiya mühəndisi. Bundan başqa, genetika mühəndisi, bərpa olunan enerji üzrə mütəxəssis, ekologiya və ətraf mühit üzrə mütəxəssis, E-ticarət üzrə mütəxəssis, Rəqəmsal marketinq, Sosial media üzrə mütəxəssis, Kontent yaradıcısı, Təhsildə innovasiyalar üzrə mütəxəssis, Təchizat və logistika üzrə mütəxəssis, psixoloq, karyera və şəxsi inkişaf üzrə məsləhətçi, kouç və.s peşə sahiblərinə tələbat getdikcə artmaqdadır.
Cənnət Şamilqızı
