Bu gün:

"Qısqanclıq ucbatından məşhur sənətkar imtahanlarda qiymətimi kəsirdi" - jurnalistlə MÜSAHİBƏ


24Media bu dəfə gənc teatrşünas, mədəniyyət yazarı, televiziya müxbiri Əli Novruzəliyev ilə həmsöhbət olub.
Gənc mətbuat işçisi bizə mətbuata gəlişindən, jurnalist fəaliyyətində başına gələn maraqlı və çətin situasiyalardan danışdı.


Oxucularımıza özünüzü təqdim edin, zəhmət olmasa.

-1992-ci ildə Bakıda - Binəqədi rayonunda anadan olmuşam. Ağlım kəsəndən televiziyada mədəniyyətlə bağlı verilişlərə baxırdım. Maraqlısı budur ki, yaşıdlarımın diqqətini cizgi filmləri çəkdiyi halda mən tamaşaları, filmlərimizi böyük həvəslə izləyirdim. Uşaqlıqdan öz sahəmi özüm də bilmədən artıq seçmişdim (gülür). Daha sonralar isə İradə İsaqın "Ölümündən 24 saat əvvəl" adlı verilişini böyük həvəslə izləyirdim. Nə vaxtsa mədəniyyət sahəsində onun kimi araşdırmaçı jurnalist olub böyük sənətkarlarla üz-üzə oturacağım günü xəyal edirdim. Etiraf edim ki, mənə sənətkarları İradə İsaq sevdirib. Çox qısa zaman ərzində arzu və istəklərim həyata keçdi. Demək ki, hər şeyi ürəklə istəmək lazımdır.

Ölkənin nüfuzlu internet portalında, qəzet və jurnallarında çalışmısınız. Hazırda "Azad Azərbaycan" televiziyasında fəaliyyət göstərirsiniz. Ali təhsiliniz jurnalist ixtisası ilə bağlıdır?

-Düzünü deyim ki, jurnalistika ixtisasını bitirməmişəm, 2009-cu ildə ADMİU-da Teatrşünaslıq ixtisasına daxil olmuşam. Bu ixtisas da jurnalistikaya yaxın ixtisasdır. Hər iki sahədə çalışan insanların yazı qabiliyyəti yaxşı olmalıdır. Sadəcə olaraq fərq ondadır ki, biri ümumi jurnalistikadır, digəri isə sırf teatr sahəsində fəaliyyətlə məhdudlaşır. Biz tələbə vaxtı tamaşalara baxıb resenziyalar, məqalələr yazırdıq. Amma mən sırf teatrşünas kimi qalmaq, tək onunla kifayətlənmək istəmədim. Demək olar ki, jurnalistikanın bütün sahələrində çalışmışam. Lakin etiraf edim ki, jurnalistikanın heç bir sahəsini mədəniyyət sahəsi qədər çox sevib bağlanmamışam.

Sizcə, ali təhsil alaraq jurnalistikanın nəzəri biliklərinə yiyələnmədən peşəkar jurnalist olmaq nə dərəcədə mümkündür?

- Bəzi sənət sahələri var ki, onlarda təcrübə təhsildən önəmlidir. Məsələn, aktyor, müğənni və s. olmaq üçün mütləq şəkildə sənin təhsilinin olması şərt deyil. Təbii ki, təhsil də olarsa, hər şey tamamlanır. Təcrübəmə əsaslanıb bu sözləri deyirəm. Tələbə vaxtı filmlərə çəkilirdim, özü də böyük sənətkarlarla baş rollarda. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinin 1-ci kursunda oxuyanda Xalq artisti Həmidə Ömərova ilə tanışlığımdan sonra onun tövsiyəsi və məsləhəti ilə jurnalistika sahəsinə addım atdım. Mənə bir söz dedi: "Əli, sən insanlarla ünsiyyət qurmağı bacarırsan, yaxşı jurnalist ola bilərsən. Bu səndə daha yaxşı alınır. Aktyor bir ay çəkilir, 2 ay oturur evdə. Ailə saxlayacaqsan, bu sənə çətin olar". Nə yaxşı ki, məni bu sahəyə yönləndirdi.
Dedim, onda ilk müsahibim siz olacaqsınız. O vaxt müsahibəmiz çox məşhur saytlardan birində çıxdı, digər saytlar da tirajladı. İlk qazancım isə 10 manat idi (gülür). Hətta yazılarım başqa bir sənət müəllimimin yazıları ilə eyni saytda çıxırdı. Qısqanclıq ucbatından o məşhur sənətkar imtahanlarda qiymətimi kəsirdi (gülür).

Arzuladığınız və illər əvvəl qarşınıza qoyduğunuz hədəflərə çatmısınız? Olduğunuz yerdən razısınız?

- Arzular bitib-tükənməzdir. Bir dostum var, ilk efir günü münasibəti ilə onu təbrik etmişdim. Cavab olaraq demişdi ki, o gün olsun ki, sən məni şəxsi təyyarəyə sahiblənəndə təbrik edəsən, efir nədir ki?! Amma inanın səmimiyyətimə, mənim arzularım da işimlə, yaradıcılığımla, fəaliyyətimlə bağlı olub. Bəli, nə zamansa arzulayırdım ki, canlı əfsanələrin, böyük sənətkarların qarşısında oturum, onlarla gözəl və baxımlı verilişlər ərsəyə gətirim. Bir jurnalist olaraq Xalq artistləri Səfurə İbrahimova, Şəfiqə Məmmədova, Rasim Balayev, Elmira Şabanova, Fidan və Xuraman Qasımovalar, Əlibaba Məmmədov, Həmidə Ömərova, Zemfira Nərimanova və s. nəhəng sənətkarların hörmətini və inamını qazanmışamsa, demək ki, hədəfimə çatmışam və olduğum yerdən razıyam. Hazırda "Atv səhər" verilişində jurnalist olaraq çalışıram və çox gözəl bir kollektivimiz var. “Atv səhər” verilişinin rəhbəri və baş redaktoru, bu günlərdə də cənab prezidentin “Tərəqqi” medalına layiq görülən Yaqut Tapdıqqızı kimi işçilərinə doğması kimi yanaşan, olduğundan da çox dəyər verən bir rəhbərim var. Hazırladığım reportajlarla bağlı tamaşaçılardan sosial şəbəkələrdə çox sayda təşəkkür mesajı alıram. Hamısına da təşəkkür edirəm!

Hazırkı məqamınızı jurnalistikaya başladığınız ilk vaxtlarda görsəydiniz, yolun yarısından qayıdardınız, yoxsa daha iri addımlar atardınız?

- Ümumiyyətlə, heç vaxt bir işə başlayanda yolun yarısından geri qayıtmağı düşünməmişəm və düşünməyəcəyəm də. Öncə dərindən fikirləşirəm ki, addım atdığım bu yol məni hara aparacaq və mənə nə qazandıracaq?! Nəinki geri qayıtmaq, əksinə hər il öz peşəmə, sahəmə və insanlara daha da bağlanıram. Biz elə bir sahədə fəaliyyət göstəririk ki, ünsiyyət işimizin bir parçasıdır. Deyilənə görə, məndə insanlarla ünsiyyət pis alınmır. Hər zaman müsahiblərimdən, istər tanıdığım, istərsə də, tanımadığım insanlardan özümə qarşı diqqət və hörmət görmüşəm. Ona görə də iti addımlarla irəliləyirəm. (gülür)

Mediada və televiziyada olan fəaliyyətinizə nəzər salanda görürük ki, sizdən az çalışan, jurnalistikaya sizdən sonra başlayanlar cəmiyyət içində sizdən daha çox tanınırlar. Bu öz seçiminizdir?

- Tanınmaq vacibdir ki?! Mənə görə, tanınmaq bir o qədər də vacib deyil. Bizim ölkədə tanınmaqdan asan bir şey yoxdur, istənilən bir şeylə tanınmaq olar. İnsanı gördüyü işlər tanıdır. Sizinlə razıyam, bəzi hallarda jurnalistlər televiziyaya tanınmaq üçün gəlir. Amma mən məşhurluq üçün, tanınmaq üçün televiziyanı seçməmişəm. Mənim simamdan çox imzam tanınırdı. Onda heç televiziya sahəsində yox, yazılı mətbuat sahəsində idim. Sadəcə istədim ki, teatr, mədəniyyət sahəsində olan bilgilərimi televiziya vasitəsi ilə daha da üzə çıxarım. Axı televiziyanın da kütləsi genişdir. Televiziyaya gələn gündən bu günə qədər isə tanınmış radio və televiziya aparıcısı Yusif Ağayevdən çox dəstək görürəm. İllər öncə “Avtoqraf” adlı layihəni də məhz onun dəstəyi ilə “10-dan sonra” verilişinin tərkibində edirdim. Bəzən isə bu öz seçimim olur. Tamaşaçılar nədənsə əyləncəli, şou tipli layihələrə daha çox üstünlük verir. Bu tip verilişlərə də dəvət gəlir, hətta qonşu telekanallardan da, "Youtube" platformasında olan layihələrə də dəvət edilirəm, amma mənə, çalışdığım sahəyə uyğun olmadığına görə təşəkkür edərək dəvətdən boyun qaçırıram. Həm də axı mən həftəlik verilişdə çalışıram, istəsəm belə, buna vaxtım yoxdur. Bütün günü çəkilişlərdə, müsahibələrdə, montajda oluram, yaradıcı işlə məşğulam. Həftə içi 5 gün "Atv səhər" verilişində müsahibələrim yayımlanır, 4-cü günlər isə həm də “İstedadlısan” adlı rubrikaya aparıcılıq edirəm. Bir verilişdə ekspert qismində oturacaq qədər rahat iş həyatı yaşayan jurnalistlərdən deyiləm.


Jurnalistin qarşılaşdığı çətinliklər, çəkdiyi əziyyətlər qazandıqlarına dəyir? Ümumiyyətlə, Azərbaycanda jurnalist, müxbir nə qazanır?

- İndiyə qədər müsahiblərimin arasında fərq qoymamışam ki, filankəs Xalq artistidir, filankəsin titulu yoxdur, filankəs dostumdur, tanışımdır. Hamısına eyni diqqəti göstərmişəm. Bu diqqətim sonradan onların əksəriyyəti ilə yaxın dostluq münasibətimlə nəticələnib. Mən jurnalistikada çoxlu dostlar, qədirbilən tamaşaçılar qazanmışam.

Müxbir olaraq başınıza gəlmiş bir neçə maraqlı hadisə haqqında danışmağınız bizə xoş olardı.

- Başıma o qədər hadisələr gəlib, o qədər çətin və çıxılmaz situasiyalarla üz-üzə qalmışam ki... Həm də bəzi hallarda həmkarlarım məni çətinə salıb. Türkiyənin məşhur aktrisası Nəbahət Çəhrə Bakıya gəlmişdi. Mən və digər bir verilişin əməkdaşı ondan müsahibə almalı idik. Eyni telekanaldan olduğumuza görə bir kamera, bir mikrofon verdilər ki, həm mən öz verilişimiz üçün müsahibə alım, həm də o. Həmin həmkarım özü müsahibə aldı, mikrofonu mənə vermədi ki, mən də aktrisadan müsahibə götürüm. Nəbahət Çəhrə hamı ilə sağollaşıb onun üçün ayrılan avtomobilə əyləşəndə, həmkarımın əlindən mikrofonu alıb, ona yaxınlaşdım. Həm gözəl müsahibə aldım, həm də anons etdirdim (gülür).
Bir dəfə də Xalq artisti Brilliant Dadaşovadan doğum günündə müsahibə alırdım. Bir həmkarım mənə demişdi ki, ona yaşı ilə bağlı sual verməyim. Demişdim ki, yaxşı. Müsahibənin gedişatında istədim ki, sənətkara kompliment deyim, istəmədən dilimdən belə bir söz çıxdı: “Brilliant xanım, yaşınız artır, özünüzü məcbur da olsa, gözəl saxlayırsınız”. Brilliant Dadaşovanın üzünün ifadəsi dəyişdi, düzdür, mənə qarşı kobudluq etmədi, amma müsahibə bitər-bitməz sağollaşmadan çıxıb getdiyi yadımdadır. Bu cür hallarla çox tez-tez rastlaşıram.
Bir dəfə də xalq artisti Alim Qasımovun Beynəlxalq Muğam Mərkəzindəki konsertində Şeyx Əbdüldən müsahibə götürürdüm. Əbdül müəllim o qədər danışdı ki, həm konsert başladı, həm Alim Qasımovdan müsahibə ala bilmədim, həm də artıq mikrofon uzatmaqdan qolumu hiss etmirdim. Fasilə zamanı gördüm ki, Alim müəllim səhnənin arxasına gəlir. Əbdül müəllimlə sağollaşmamış elə yürürdüm ki, mikrofonun şunuru kameraya bitişik idi, həm operator yıxıldı, həm də özüm (gülür). Bir dəfə də Bakı Musiqi Akademiyasına bir bəstəkardan müsahibə götürməyə getmişdim. Müsahibim çox yorucu idi, yaxşı danışmırdı, məni yuxu basmışdı. Gördüm ki, üzbəüz otaqdan səs gəlir və bu səs Xalq artisti Xuraman Qasımovanın səsidir. Müsahibimə dedim ki, siz mətni təkrarlayın, mən 5 dəqiqəyə gəlirəm. Xuraman xanımın otağına yaxınlaşıb ondan müsahibə götürməyim üçün xahiş etdim. Dedi ki: " yox e, nə müsahibə, mənim dərsim var, formada deyiləm, saçım yaxşı deyil, geyimim müsahibə üçün uyğun deyil" . Mənə dedi ki: "Siz, İlhamə Quliyevanı belə çəkə bilərdiniz?! Sizə imkan verməzdi" . Sonda yenə də şirin dilimi işə salıb müsahibə götürdüm. Xalq artisti Əlibaba Məmmədovla müsahibədən sonra sağollaşıb gedəndə ona dedim ki: "Düzdür, suallarım çox idi, amma hamısını sizə verə bilmədim". Özünəməxsus şivə ilə dedi: “Yox, heç yadından, filan çıxmamışdı, hamısını da verdin, qabağımdakı çayı da içməyə macalım olmadı”...

Son zamanlarda insanlarda televiziyaya, mediaya qarşı yaranan aqressiyanın səbəbini nədə görürsünüz?

- Düzgün olmayan, yanlış təbliğatda... Təbii ki, bu bütün televiziya və xəbər portallarına aid deyil. Xəbər doğru olmalıdır, təbliğat düzgün getməlidir ki, insanlar ondan yararlansın. Bir xəbər portalında ki, yalan xəbərlər manşetə çıxarılıb tirajlanır, bu zaman insanların aqressiyasını başa düşmək olar. Amma bəzi hallarda bu aqressiya səbəbsiz də ola bilir...

Azərbaycan izləyicisi, dinləyicisi, oxucusu üçün yaxşı jurnalist hansı xüsusiyyətlərə malik olmalıdır?

- Yaxşı jurnalist məlumatlı olmalı, qarşısındakı insanla səbirlə davranmalı, aqressiv olmamalıdır. Ən azı onunla üzbəüz oturan sənətkarın kino ilə yanaşı teatrda da çalışdığını bilməlidir. Bəzi hallarda söhbət zamanı, həqiqətən də, jurnalist həmkarlarımın məlumatsızlığının şahidi oluram və bu hal məni çox üzür.

Bir neçə yaxşı jurnalist adı çəkə bilərsiniz?

- Əlbəttə. "Atv səhər" verilişində mənimlə birgə çalışan Maya İmranın adını çəkə bilərəm. O həm Atv-nin zərif səsidir, bütün anonsları səsləndirir, həm də çox gözəl qələmi var. Dəfələrlə şahid olmuşam ki, bu insana yazı tapşırılanda əgər haqqında yazacağı insan aktyordursa, oturub mütləq şəkildə rollarını incələyir, müğənnidirsə, mahnılarını dinləyir... Hiss etməsə, təsirlənməsə, yaza bilməz... Etiraf edim ki, onun qələminə qibtə edirəm (gülür). Xəyalə Rəis, Cavid Zeynallı, Mirmehdi Ağaoğlu və s. adını çəkmədiyim həmkarlarımı da bu qəbildən sayıram. Onu da qeyd edim ki, jurnalistikadakı addımlarımda Xəyalə Rəisin də mənə dəstəyi çox olub.

Müsahibə vermək daha maraqlıdır, yoxsa müsahibə almaq?

- Müsahibə vermək həm maraqlıdır, həm də çətin. Müsahibə almaq nisbətən asandır, o da müsahibdən asılıdır. Hər dəfə müsahibə təklifi gələndə çalışıram ki, müsahibə verəcəyim gün nisbətən rahat gün olsun. Ən azından oturub rahat fikirləşə bilim, nələrisə yadıma sala bilim. Bir də çalışıram ki, elə cümlələr seçim ki, oxucu müsahibəni oxuduğu an: “Əşi, bu niyə özündən bu qədər razıdır?”, - deyə düşünməsin. Nə dərəcədə buna əməl edirəm, bilmirəm, amma çalışıram ki, səmimiyyətim müsahibəmə də yansısın. Yeri gəlmişkən, sizə və saytınızın rəhbərliyinə müsahibəyə görə təşəkkür edirəm. Hər zaman saytınızın oxucuları çox, informasiya yüklü materiallarınız bol olsun.

İndiyə qədər götürdüyünüz müsahibələr arasında ən yaddaqalanı hansı olub?

- Düzünü desəm, yaddaqalan müsahibələrim çox olub. Məhz Xalq artisti Səfurə İbrahimovanı 23 il sonra ekranlara gətirib onunla sevənləri arasında körpü yaratdım. Buna özüm də çox şad olmuşdum. Səfurə İbrahimova bilirsiniz ki, çox qapalı həyat tərzi keçirir və bir neçə insandan başqa heç bir kəsi yaxınına buraxmır. Onu hər dəfə çəkəndə özüm də uşaq kimi sevinirəm. Onu da deyim ki, Səfurə xanımla bağlı böyük bir layihəm var. Hər şey yolunda getsə, dekabr ayında - doğum günündə reallaşdıracam. Bir çox böyük sənətkarlar uzun fasilədən sonra ekranlara məhz mənim təqdimatımda qayıdıb. “Şərikli Çörək” filminin Vaqifi - Kamran Rəcəbli ilə olan görüşüm də yaddaqalan müsahibələrimdəndir.

Son olaraq, jurnalistikanın astanasında olan gənc jurnalistlərə nə demək istəyərdiniz?

- Mən özüm də gəncəm və bəzi hallarda onları başa düşürəm. Çalışdığım telekanalda təcrübə keçmək üçün çox jurnalist gəlir. Onların içərisində bəzən həvəssizi də olur. Təbii ki, hər şeydən öncə seçdiyin sahəyə həvəs və sevgi olmalıdır. Bunlar olandan sonra hər şey yoluna düşəcək və sən çox keçməyəcək ki, uğur qazanacaqsan. Ən əsası da səbirli olsunlar, tez tanınıb, tez də yaddan çıxmağa çalışmasınlar, tamaşaçılarına və oxucularına daim hörmətlə yanaşsınlar.

Paylaş
Şərh əlavə et