Bu gün:

"Sənət görünməyəni göstərə bilməkdir"–Huseyn Jafar



24media.az-ın budəfəki müsahibi rok ifaçısı Huseyn Jafar oldu. O, rok musiqisi ilə bağlı olan suallarımızı cavablayıb.


Hüseyn bəy, rok musiqisinə olan marağınız necə yarandı?

– Uşaq vaxtı anam və atam işləyirdilər, evdə daha çox bacılarım olurdular. Onlar ev işləri ilə məşğul olanda həmişə türk musiqi kanallarını izləyirdilər. Orda da təsadüfən həmişə Umut Kaya – Mor Yazma, Duman və alternariv rok tərzində "Nirvana" və başqa qruplar səslənirdi. O vaxtdan belə qeyri-adi roka və özəlliklə Kıraça (Ali Tufan Kıraç) çox heyran idim. Beləliklə, roka həvəsim yarandı və 14-15 yaşlarımda anamın hədiyyə olaraq gitara almağı ilə rok həyatım başladı. Bunun həmişə bacılarımın sayəsində olduğunu düşünürəm. Onlar o qədər musiqi həvəskarı olmasa idilər, çox rok dinləməsəydilər, bəlkə də, mənim də rok bu qədər diqqətimi çəkməzdi. Retro musiqilər dinləməyi daha çox sevirdim. Çünki ailəm incəsənətlə məşğuldur – anam da, atam da teatrda işləyirdi,  uşaqlıqdan teatra gedib-gəlirdim və orada istər-istəməz retro musiqilərdən  daha çox istifadə olunurdu. Oradakı aktyorlar bunlardan danışıb, dinləyirdilər. Beləliklə, musiqiyə həvəsim bacılarımın televiziyada dinləmələri sayəsində yarandı və daha sonra anamın gitara alması mənə təkan verdi. Bəzi tərzlərə baş vura-vura artıq gəlib özümə uyğun olanı tapdım. Mənim daxilimdə olan da bu imiş, təsadüf nəticəsində olsa da, mən hansı tərzə uyğun olduğumu  tapdım.

Öz musiqilərinizi necə təsvir edərdiniz? 

– Məncə, çox qapalıdır. Hazırda bunun üzərində işləyirəm, amma indiyədək yazdığım musiqilər "Dərd olaq" çıxmaq şərtilə digərləri çox qapalıdır. Yəni mövzular çox qarışıqdır, məsələn, "Yorma" mahnısında "yağır yağışlar, hər yerdə palçıq var"– bunu dinləyici dinləyən kimi heç vaxt başa düşməyəcək. Çünki bunun yüzlərlə mənası ola bilər, ancaq mən hansı mənada yazdığımı izah eləməliyəm. Buna görə istər "Düşün ki", istər "Yorma" və digər mahnılarım olsun, çox qapalı olduğunu düşünürəm.

Mahnılarınızda daha çox nələrə diqqət edirsiniz?

– Daha çox hekayəsinin olmasına diqqət edirəm. Mahnının məğzi olmalıdır və mütləq orada bir sosial mesaj olmalıdır. Nədənsə bəhs etməliyəm. Mənə görə, mahnı sadəcə söz yığını olmamalıdır. Bir mövzu olmalıdır və bu mövzudan bəhs etməlisən, alıntılar etməlisən. Məsələn, yeni mahnımız var, Anton Çexovun "Qağayı" əsərindən alıntıdır. "Düşün ki" mahnısı isə Vincent Van Gogh haqqındadır.

Bu sahədə hansı dəyişiklikləri görmək istəyərdiniz?

– Texniki cəhətdən daha sağlam bir rok mühiti görmək istərdim. Bu gün bildiyimiz kimi, musiqi alət bazarında alətlər çox bahadır və istər-istəməz musiqiçilər daha yaxşı gitarlarla, pedallarla, prosessorlarla qısacası daha effektiv vasitələrlə işləmək üçün çox əziyyət çəkirlər. Bunun bir şəkildə aradan qalxmasını istərdim. Səhnə alınan konsertlərdə musiqiçilərə elə qonorar verilməlidir ki, sənətçilər gedib başqa işlərlə məşğul olmamalıdırlar. Gəlib, alətlərini alıb öz musiqiləri ilə məşğul olmalıdırlar, öz üzərlərində işləməlidirlər. Bu dəyişiklikləri görmək məni çox sevindirərdi. Və təbii ki, xanım rokerlərimizin çox olmasını istərdim. Var, amma kişilərə nisbətən azlıq təşkil edirlər. Çox istəyərdim ki, qadın rok solistlərimiz, qruplarımız olsun. Bunları görmək məni çox sevindirərdi.

Sizcə, Azərbaycan rok musiqisi üzrə nə dərəcədə inkişaf edə bilib?

– Azərbaycanda əslində, rok uzun müddətdir, var. İstər "Yuxu", istər "Eksperiment OK", "Karvan", istərsə də, "Tac" olsun, yəni bu kimi qruplar fəaliyyət göstərirdi. Amma hazırda, məncə, çox yaxşıdır, çünki rok yüksəlişə doğru gedir və mənə görə önümüzdəki on il çox böyük yüksəlişdə olacaqdır. Rok ifaçılarımızın böyük kütlələri var ki, əvvəllər bu belə deyildi. Artıq böyük səhnələrə çıxırlar və gündən-günə rok ifaçıları artır, gənclərin buna çox həvəslidirlər. Və bu çox gözəldir. Tək rok yoxdur, onun ortaq tərzləri də var. Hazırda metal, alternativ, pop-rok oxuyanlar da var, yəni alternativlər yarandıqca inkişaf da yaranır və bu mənim çox xoşuma gəlir. Sadəcə hər şeydə olduğu kimi bir az zaman lazımdır.

Bəs rok musiqisinin cəmiyyətə təsiri haqqında nə düşünürsünüz?

– Rok musiqisi mənim üçün digər tərzlərdən bir addım daha mənalıdır. Çünki sözlər və musiqi bir-birini tamamlayır. Diqqətcil dinləyici bunu həmişə digər tərzlərdən ayırd edə bilir. Demirəm, digər təzrlər pisdir, mənasızdır, xeyr, sadəcə rok, məncə, bir addım daha öndədir. Cəmiyyətimizdə də dediyim kimi, çox sevilir, öyrəşilir. Artıq dinləyirlər, bunun üçün yaxşı geridönüşlər alırıq. Roker olaraq daha çox əziyyət çəkməliyik, başqa şeylər etməliyik. Mənim bir sözüm var ki, yaxşı musiqiçi olmaq üçün yaxşı musiqiçi olmaq heç vaxt bəs etmir. Yəni təkcə musiqi bəs etmir, daha çox şey lazımdır. Bunun içində səhnə performansı və digər şeylər var ki, artıq bunlar maliyyə və əziyyət tələb edir və cəmiyyətdə böyük yerləri həmişə olur. Amma, məncə, insanlar  axtardıqları melanxoliyanı da, əyləncəni də rokda tapa bilirlər. Sadəcə necə və harada axtaracaqlarını təyin etməlidirlər. Və yavaş-yavaş bunu etməyi bacarırlar. Kütlə getdikcə böyüyür və mən hər zaman deyirəm ki, rok ailəsi Azərbaycanda böyüməyə doğru gedir, hər gün ailəyə yeni üzvlər gəlir. Belə olduqca dediyim kimi, yaxın 10 ildə artıq cəmiyyətdən də, musiqiçilərimizdən də geridönüşlər alıb roku daha yüksək səviyyəyə qaldıra biləcəyik. Mən həmişə incəsənətlə bağlı bir şey deməyə çalışıram, xüsusilə, məndən də gənc və yeni başlayan musiqiçilərə ki, hansı rəngin nə işə yaradığını bilmək sizi yaxşı rəssam etmir, rəssamlıq məktəbini yüz nəfər bitirib, yüzü də portret çəkə bilər, amma sənət insanı deyil, insanlığı çəkə bilməkdir. Yəni görünməyəni göstərə bilməkdir. Bunun üçün ədəbiyyatımızda da yüzlərlə nümunə var. Və məncə, bunun– tərzlərin, rokun sevilməyinin oxucularla da əlaqəsi var. Artıq cəmiyyətdə gənclərimiz ötən illərə baxdıqda daha çox kitab oxumağa başlayıblar, daha çox məna axtarışındadırlar. Məncə, bunun sayı artdıqca rok musiqisinə tələbat da çox olacaq, çünki tərkibində dərin və mənalı şeylər var. Bütün rokerlər buna diqqət edirlər ki, mahnıları boş və mənasız olmasın. Mahnıların bir təməli olmalıdır və bu təməli də bir az axtarışında olan insanlar mütləq dərinliyinə düşüb tanış olurlar, anlaya bilmədikdə bizə, müəlliflərə yazırlar, öyrənməyə çalışırlar. Bu da çox yaxşı bir şeydir və məncə, müəlliflər onlara cavab verməlidirlər.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et