Bu gün:

Qucaqlaşsaq keçəcəkmi?


Hər gün onlarla fərqli duyğular yaşayırıq, bəzilərindən qaçarkən digərlərinin heç bitməməsini istəyirik. Bu fərqli duyğuları bizə yaxın insanlarla paylaşırıq. Kədərli olsaq da, sevinsək də, həyəcanlansaq da, danışmaqdansa ilk olaraq qucaqlaşmağa üstünlük veririk. Bəs niyə qucaqlaşırıq? Hər qucaqlaşma eynidir yoxsa qucaqlaşanda hər şey yox olur?

Qucaqlaşmaq o qədər fərqli bir hərəkətdir ki, başdan ayağa bədənimizə təsir edir. Sevdiyimiz bir insanı qucaqlayanda qucaqlaşma hormonu olaraq da bilinən oksitosin hormonunu ifraz edirik. Bu hormon ifraz olunduqda stress hormonumuzun səviyyəsi azalır və təzyiqimiz aşağı düşür. Bütün bunlar bizi daha xoşbəxt hiss etdirir. Oksitosin hormonunun qorxunu azaltdığı da məlumdur. Doğum və əmizdirmə prosesi analarda oksitosin hormonunun ən çox ifraz olunduğu vəziyyətlərdən biridir və bu, ananın övladını qorxmadan qorumasını təmin edən mühüm faktordur. Bundan əlavə, araşdırmalar göstərir ki, oksitosin hormonu yüksək olan insanlar, yəni qucaqlamağı sevən insanlar digər insanlara nisbətən daha güvənilir, daha çox paylaşılır, daha yüksək empatiya və əhval-ruhiyyəyə malikdirlər.

Təkcə qucaqlaşmağın deyil, sevdiyimiz insanın əlindən tutmağın da stress səviyyəmizi aşağı saldığını sübut edən araşdırmalar var. 2012-ci ildə iyirmi cütlüklə stress səviyyələri ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı kişilərə eyni anda elektrik şoku verilib və qadınlar dərhal öz partnyorlarının qollarını tutublar. Bu təmas hər iki tərəfin stress səviyyələrini azaldıb. Təbii ki, səmimi qucaqlaşmanın gücü bununla bitmir. Məlumdur ki, qucaqlaşmaq immun sistemimizə və sağlamlığımıza böyük təsir göstərir. Son araşdırmada 406 sağlam insana soyuqdəymə virusu verilib və sonra qucaqlaşma tezliyinə görə xəstəliyin gedişatı araşdırılıb. Tədqiqat nəticəsində, tez-tez qucaqlaşan fərdlərin xəstəlik əlamətlərinin daha az olduğu, xəstələndikdə isə daha asan sağaldıqları müşahidə edilib. Başqa bir araşdırma, əl-ələ tutan və sonra qucaqlaşan cütlüklərin sadəcə oturub heç nə etməyən cütlüklərə nisbətən qan təzyiqi və ürək döyüntülərinin daha aşağı olduğunu göstərib. Bu, qucaqlaşmağın ürək sağlamlığımıza müsbət təsir etdiyini göstərir.

Hər qucaqlaşmaq bizim üçün yaxşıdırmı ?

Beləliklə, bütün qucaqlaşmalar eyni dərəcədə stressi azaldır, hamısı ürək üçün faydalıdırmı? Bu suallara cavabımız "yox" ola bilər, çünki qonağı qucaqlamaqla sakitləşməyə çalışdığımız dostu qucaqlamaq eyni deyil. Əsl qucaqlaşmada qarşıdakı insanı möhkəm qucaqlayırıq və bu proses həmin insanın beyninə həyəcanın azalmasına səbəb olan siqnal göndərir. Temple Grandin tərəfindən hazırlanmış qucaqlama maşını da təzyiq və sıxılmanın rahatlama təmin etdiyini sübut etdi. Amma təbii ki, unutmaq olmaz ki, hər şey kimi, həddindən artıq təzyiq də zərərli olar.

1986-cı ildən bəri hər il yanvarın 21-i qucaqlaşmağımızı xatırlatmaq və bizə nə gətirdiyini qiymətləndirmək üçün Qucaqlaşma Günü kimi qeyd olunur. Təbii ki, bir gün qucaqlaşmağın böyük bir töhfəsi olmayacaq, amma bəzi araşdırmalara görə gündə ən az 4 dəfə, bəzilərinə görə isə gündə ən az 12 dəfə səmimiyyətlə qucaqlaşmaq həm ruhi, həm də fiziki sağlamlığımıza çox təsir edəcək.

Mənbə: bilim up

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et