Aktrisa, rejissor Rumiyə Ağayeva Suraxanı Gənclər Evinin qonağı olub. O öz fikirlərini, təcrübələrini gənclərlə bölüşüb.
Görüş əsnasında Rumiyə Ağayeva “24media.az” saytının suallarını cavablandırıb.
Atanız Namiq Ağayev rejissor, nənəniz Rimma Məmmədova Xereoqrafiya məktəbinin direktoru olub. Bəs sizin ailə üzvləriniz bu sahədə olmasaydılar, siz yenə aktrisalığı seçərdiniz?
– Ruh tərəfdən xoşbəxtəm, çəkilişdən sonra filmə baxanda ruhum dincəlir. Amma maliyyə cəhətdən çox əziyyət çəkirəm. Bütün insanların ehtiyacları var: yemək, yatmaq, sevgi. Məsələn, mən acam, amma səhnədəyəm. Gərək mən yemək ehtiyacımı ödəyim ki, roluma davam edə bilim. Və mən məcbur olub səhnədə olarkən də maliyyə xərclərimi düşünürəm. Bu səbəblərə görə də, aktrisa olmazdım. Elə sahə seçərdim ki, ehtiyaclarımı ödəyə bilim.
Həm kino, həm teatr sahəsində çalışırsınız. Bəs seçim qarşısında qalsanız, hansını seçərdiniz?
– Teatr daimidir. Mən bilirəm ki, hər ay stabil maaşım var. Karantin dövründə teatr işləməsə də, dövlət maaşımızı verirdi. Amma kino elədir ki, çəkilirsən, sonra növbəti təklifin nə vaxt gələcəyini gözləyirsən. Məsələn, mənə serial üçün təklif gəlib, imtina etmişəm. Çünki maliyyəsi çox aşağıdır. “Alatava” serialında da yüksək maliyyə yox idi, perspektli iş olduğu üçün razılaşdım. Teatrda adrenalin var, çünki rolu oynamaq üçün bir şansım olur. Bu səbəblərə görə, teatrı seçərdim. Amma seçim qarşısında qalmaq istəmirəm, hər ikisini çox sevirəm.
Bəs hansı rolu maliyyəsi yüksək olsa da oynamarsınız?
– Fərqi yoxdur, bütün rolları oynayaram.
Qeyd edək ki, bununla yanaşı Suraxanı Gənclər Evində gənclərin fərdi inkişafı istiqamətində mütəmadi olaraq təlimlər, görüşlər, vətənpərvərlik mövzusunda tədbirlər və yaradıcı layihələr təşkil olunur.
Gülnisə Əfkari