
24media.az-ın budəfəki müsahibi hüquqşünas İnara Camaldır. O, məişət zorakılığı, aliment məsələləri haqda sualları cavablayıb.
Aliment verməli olan şəxs qarşı tərəfə vəsaiti vaxtında ödəməyəndə, eləcə də ödənişdən yayınanda hansı hüquqi addımlar atılmalıdır?
Boşanmadan sonra uşaqlar adətən ananın himayəsində qalır və alimenti ödəyən qarşı tərəf ata olur. Atalar isə çox vaxt aliment ödəməkdən boyun qaçırır, müxtəlif bəhanələr irəli sürür. Qeyd etmək lazımdır ki, Azərbaycanda alimentin məbləği o qədərdə yüksək deyil. 2023-cü il yanvarın 1-dən etibarən sabit alimentin məbləği 210 AZN təşkil etməkdədir. Alimenti ödəməyənlər üçün müəyyən cəza tədbirləri də həyata keçirilir. Ümumiyyətlə, alimentin ödənilməməsi məhkəmə qərarının icra olunmaması deməkdir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə və ya bir aya qədər inzibati həbs cəzası nəticələnə bilir. Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Praktikada alimenti verməyib, məhkəməyə verilmiş şəxslərin hətta ölkədən qaçması, ya da istintaqdan yayınma halları olur. Belə olduqda hansı addım atılmalıdır?
Qeyd etdiyim kimi, əgər şəxs aliment ödəmirsə, bu məhkəmə qərarının icra olunmamasıdır. İş prosesi məhkəmədən icraçıya ötürülür və nəticədə icraçı artıq bu işlə məşğul olur. Könüllü icra tədbirləri müddəti 10 gün bitdikdən sonra, məcburi icra tədbirləri başlayır. Məcburi icra tədbirləri nələrdir? Məsələn, əmək haqqına, yaxud əmlakına, həbs qoya bilər. Məsələ icra olunmadığı təqdirdə icraçının səlahiyyətlərindən biri də onun ölkədən çıxışına qadağa qoymasıdır. Məsələn, bəzən alimenti ödəməmək üçün şəxslər ölkədən xaricə qaçmaq belə iddiasında olurlar. Bu kimi halların qarşını almaq üçün icraçının səlahiyyətlərindən biri də şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasıdır. Bu qaydada qarşısını ala bilirik.
Bəzən boşanan şəxslər heç bir yerdə işləmir, yaxud da iş zamanı uşağına baxan kimsəsi olmadığı üçün çətinlik ilə qarşılaşır. Dövlət tərəfindən həmin qadına və uşağına necə yardımlar göstərilə bilər?
Azərbaycanda bunun üçün xüsusi bir müavinət, yaxud da bunu tənzimləyən qanun nəzərdə tutulmayıb. Lakin ünvanlı sosial yardım var. Bu, əsasən aztəminatlı ailələr üçün verilən pul yardımıdır. Bunun üçün ünvanlı sosial yardıma müraciət etmək olar. Amma ünvanlı sosial yardımın əsas tələbi də tərəflərin işləməsidir. Ünvanlı sosial yardımın əsas qəyəsi odur ki, məsələn, sən hər hansı bir işdə işləyirsən, lakin aldığın məbləğ sənin ailəni saxlamağa kifayət eləmir. Belə olduqda da dövlət müəyyən məbləğ verir ki, ailəni saxlaya biləsən. Qaldı ki, digər məsələlərə uşağın doğulmasına görə birdəfəlik dövlət müavinəti verilir. 2023-cü ildən bu məbləğ 500 manata qaldırıldı. Başqa heç bir xüsusi vəsait nəzərdə tutulmayıb.
Bəzi situasiyalarda alimentin məbləği uşağın ehtiyaclarını ödəmək üçün bəs etmir. Bu halda aliment məbləğinin artırılması üçün məhkəməyə necə müraciət edə bilərik?
Aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edilə bilər. Ümumiyyətlə, belə bir nüans qeyd edim ki, məsələn, bu il dövlət tərəfindən alimentin məbləği 300 manat oldu. Əgər şəxs müəyyən olunan məbləğdən aşağı alırsa, o zaman məhkəməyə müraciət edə bilər.
Boşanma sonrası uşaq hansı valideyndə qalsa da, xarici ölkəyə çıxarılan zaman 2 valideynin də icazəsinə ehtiyac duyulur. Valideynlərdən biri razı olmazsa, digər valideyn hansı addımı atmalıdır?
Uşağın ölkədən çıxışı problemli məsələlərdən biridir. Bu yaxınlarda öz praktikamda belə bir məsələ baş vermişdi. Ata xaricə getməli idi və ana da uşağın ölkədən çıxması üçün razılıq verməli idi. Onlar 2 ölkəyə getmələri üçün hər birinə ayrı-ayrı icazə almalı idi. Lakin ana notariusda yalnız 1 ölkəyə getmələri üçün icazə verdi. Əgər belə bir maneə varsa, bunun üçün məhkəməyə müraciət etmək lazımdır. Məhkəmədə də bununla bağlı əsaslandırmalar irəli sürməlidirlər. Məsələn, uşağın xəstəliyi var, lakin həmin xəstəliyin burada müalicəsi yoxdur. Yaxud uşaq idman yarışına gedir və bu yarışla nailiyyətlər qazana bilər. Dediyim kimi bu məsələ məhkəmə yolu ilə həll olunmalıdır.
Boşanma sonrası uşaq hansı valideyndə qalsa da, bəzən valideynlərdən biri uşağın digər valideyni ilə görüşməsinə icazə vermir. Yəni dövlət tərəfindən müəyyən olunan qanundan boyun qaçırır. Digər valideyn bu situasiyada nə etməlidir?
Təəssüflər olsun ki, bu da problemli məsələ kimi qalmaqdadır. Bəzən analar müxtəlif səbəblərdən uşağın üzünü göstərmirlər. Ancaq qanun deyir ki, uşaq atasını və onun ailəsini görməlidir. Məhkəmə ataya uşağını görməsi üçün müəyyən vaxtlar təklif edir. Uşağın 3 yaşına qədər olarsa, görüş müddəti daha az olur. Çünki bu yaşda uşaqlar ana qayğısına daha çox ehtiyacları olur. Amma 3 yaşından böyük uşaqlar ataları ilə daha çox vaxt keçirə bilərlər. Problemli məsələlərə gəlincə, bəzən ata ilə uşağın görüşü zamanı icraçı da iştirak edir. Çünki dəfələrlə bu hallara rastlaşmışıq ki, ananın gözü qabağında uşaq qaçırılıb. Hətta ana uşağın geri qaytarılması üçün məhkəməyə müraciət etməli olur və məhkəmə də ananın iddiasını təmin edib. Ancaq qarşı tərəf uşağı yenə də qaytarmayıb. Əgər ana, yaxud ata uşağın üzünü göstərmirsə, bu məhkəmə pozuntusu sayılır.
Boşanma zamanı həyat yoldaşları arasında mülki paylaşım necə həyata keçirilməlidir?
Nikah dövründə birgə təsərrüfat qurulubsa, bu zaman əmlak bölünür. Məsələn, mənzil, torpaq, maşın alınıbsa, qarşı tərəfdə bununla bağlı iddia qaldıra bilər. Lakin əmlak nikahdan əvvək alınıbsa, qarşı tərəfə heç bir aidiyyatı yoxdur və əmlak bölünmür. Praktikada bəzən kişilər mülkü alanda öz adlarına almırlar, başqalarının adından alırlar. Bununla da özlərini mülk bölünməsi ilə bağlı məsələdə sığortalayırlar. Qanunun yanaşması budur ki, evlilik zamanı nə alınsa, hər iki tərəfin ortaq birgə təsərrüfatı sayılır. Məsələn, ipoteka ilə ev alınır və kredit borcu yaranır. Hətta kredit borcu tərəflər arasında bölünür.
Əgər tərəflərdən birinin razılığı olmadan boşanma üçün məhkəməyə müraciət edilibsə, razılığı olmayan tərəf hansı addımlar atmalıdır?
Qanuna görə, qadın hamilədirsə və ya 1 yaşa qədər uşağı varsa, qarşı tərəf boşanmaq üçün məhkəməyə müraciət etməyinə baxmayaraq, qadının razılığı olmadan prosesi həyata keçirilə bilməz. Əgər qarşı tərəf boşanma üçün məhkəməyə müraciət edibsə, ilk öncə məhkəmə hər iki tərəfin boşanmaq istədiklərini soruşur. Hər iki tərəf razıdırsa, boşanma prosesi həmin an həyata keçirilir və yaxud tərəflərdən biri razı deyilsə, barışıq üçün 3 ay müddəti verilir. 3 ay vaxt müddəti bitdikdən sonra məhkəmə zamanı ikisindən biri də razı olarsa, boşanma həyata keçirilir.
Evlilik müddəti boyunca tərəflərdən biri şiddətə məruz qalıbsa, boşanma prosesi ərzində məhkəməyə bunu necə sübut edə bilər?
Fiziki, cinsi , psixoloji, iqtisadi olaraq zorakılıq 4 yerə bölünür. İqtisadi və psixoloji zorakılığı sübut etmək çətindir. Lakin ən çox fiziki və cinsi zorakılıqla bağlı müraciət edilir. Bəzən döyülmə, şiddət elə bir səviyyədə olur ki, axırda polisə şikayət edirlər. Sonra qadınlar daim qınaqlara məruz qalır, nəticədə şikayətini geri götürür. Əgər məsələ də cinayət işi varsa, xitam verilmir. Sübut məsələsinə gəlincə, ilk öncə həmin şəxs polis tərəfindən ekspertizaya göndərilir. Ekspertiza zamanı bədən xəsarətləri müəyyən dərəcələrə bölünür. Bunlar 1,2,3 və digər dərəcələr dərəcəsi təyin olunanlar və dərəcəsi təyin olunmayanlardır. Dərəcəsi təyin olunanlar sağlamlığa əsasən az ağır, ağır, xüsusi ağır zərərvermə kimi qiymətləndirilə bilər. Dərəcəsi müəyyən olunmayanlar əsasən döyülmə kimi qəbul edilir. Əvvəllər döyülmə İnzibati Cinayət Məcəlləsinə daxil idi, daha sonra İnzibati Xətalar Məcəlləsinə daxil edildi. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şiddət göstərən şəxs 300-500 manat arası cərimə edilə bilir, eləcə də sutkalıq həbs cəzası ala bilir.
Hansı hallarda valideyn uşağını digər valideynə göstərməyə bilər?
Heç bir halda. İstisna hal ola bilər ki, valideyn uşağına qarşı zorakılıq edib və ya psixotrop maddələrdən istifadə edib. Bu halda məhkəmə tərəfindən valideyn hüququndan məhrum edilə bilər. Bəzən düşünürlər ki, valideyn hüququndan məhrum olmaqla, aliment məsələsindən də azad oluna bilərlər, lakin belə deyil .
Boşanma və aliment ilə bağlı məsələlər digər ölkələrin qanunvericiliyində necə göstərilib?
Məsələn, Amerika təcrübəsində aliment ilə bağlı böyük məsələlər yoxdur. Birincisi işin yoxdursa, dövlət səni işlə təmin edir. Əgər sən işləmək istəmirsənsə, bu zaman səni həbs gözləyir. Çünki sənin aliment ödəmək öhdəliyin var və işləmək məcburiyyətindəsən. Zorakılıq ,boşanma məsələlərinə gəlincə, dövlətin qanunları elə bir səviyyədə olmalıdır ki, bu məsələlərin qarşını ala bilsin. Amerikada sən zorakılıq edirsənsə, insanlar tərəfindən elə bir düşüncə formalaşır ki, zorakılıq edən insanın psixoloji problemi var. Həmin insan bununla bağlı müalicə alır və müalicə bitdikdən sonra cəmiyyətə inteqrasiya oluna bilər.
Hansı ölkənin qanunvericiliyini ən yaxşı hesab edirsiniz?
Amerika və Avropa ölkələri.
Fatimə Mustafayeva
