Bu gün:

Sibirdə 24 min il donmuş qalan mikroskopik heyvan yenidən dirilib


Alimlər Sibirin əbədi donuşluq qatından (permafrost) çıxarılan və təxminən 24 min il donmuş vəziyyətdə qalan mikroskopik çoxhüceyrəli canlı olan rotiferi yenidən həyata qaytarıblar.

Ritoferin mikroskopdan görüntüsü/ Maykl Plevka

Tədqiqat zamanı müəyyən edilib ki, bu canlı Son Pleyistosen dövrünə aid dərin permafrost qatında qorunub saxlanılıb və laboratoriya şəraitində diqqətlə əridildikdən sonra yenidən aktivləşib. Alimlərin sözlərinə görə, bu kəşf ekstremal şəraitdə canlıların sağ qalma mexanizmləri haqqında anlayışımızı genişləndirir.

Araşdırma göstərir ki, rotifer “kriptobioz” adlanan xüsusi vəziyyət sayəsində sağ qalıb. Bu halda orqanizmin maddələr mübadiləsi demək olar ki, sıfıra enir və canlı çox sərt şəraitlərə davam gətirə bilir. Əvvəllər bu cür xüsusiyyət əsasən təkhüceyrəli orqanizmlərdə müşahidə olunsa da, daha mürəkkəb quruluşa malik rotiferlərdə də baş verməsi bu tapıntını xüsusilə əhəmiyyətli edir.

Tədqiqatın aparıcı müəllifi Stas Malavin bildirib ki, nəticələr çoxhüceyrəli canlıların on minlərlə il ərzində demək olar ki, “dayandırılmış həyat” vəziyyətində qala biləcəyinə dair ən güclü sübutlardan biridir.

Mütəxəssislər qeyd edirlər ki, bu fenomeni birbaşa insanlarda tətbiq etmək mümkün olmasa da, gələcəkdə uzunmüddətli kosmik missiyalar və bioloji materialların qorunması sahəsində yeni elmi istiqamətlər aça bilər.

Mənbə: Indıan defence Review

Tərcümə etdi: Nərmin Məmmədzadə

 

Paylaş
Şərh əlavə et