Bu gün:

Tramp Federal Ehtiyat Sisteminin rəhbərini işdən çıxarmaqla hədələyib


ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell may ayında vəzifədən getməyəcəyi təqdirdə onu işdən çıxara biləcəyini bildirib. Tramp bu fikri “Foks Biznes” kanalına müsahibəsində deyib.


Tramp və Pauell arasında əsas gərginlik faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Pauell bu məsələdə ehtiyatlı mövqe tutur, Tramp isə faizlərin endirilməsini istəyir.


Pauellin səlahiyyət müddəti 15 mayda başa çatır. O isə Senat tərəfindən yeni namizəd Kevin Vorş təsdiqlənənə qədər vəzifədə qalmağı planlaşdırır. Senator Tom Tillis isə bu təyinatın qarşısını ala biləcəyini bildirib.


Mübahisə həm də Federal Ehtiyat Sisteminin binasının yenidən qurulması ilə bağlı araşdırma ilə bağlıdır. Tramp layihədə böyük məbləğdə vəsaitin xərcləndiyini iddia edib.


Qeyd edək ki, Tramp Pauelli vəzifədən çıxarsa, bu ABŞ tarixində ilk belə hal olacaq. Pauell 2017-ci ildə Tramp tərəfindən təyin olunmuş, 2021-ci ildə isə yenidən vəzifədə saxlanılmışdı.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et