Bu gün:

Smotriçin qalmaqallı sözlərinə İsrail səfirindən sərt reaksiya


İsrailin Almaniyadakı səfiri Ron Prosor, maliyyə naziri Bezalel Smotriçin kansler Fridrix Mertsi nasistlərlə əlaqələndirən açıqlamalarını qınayıb, bunun Holokost xatirəsini zədələdiyini bildirib.

İsrailin Almaniyadakı səfiri Ron Prosor, ölkəsinin ifrat sağçı kabinet üzvü Bezalel Smotriçin Almaniya kansleri Fridrix Mertsə qarşı səsləndirdiyi tarixi yüklü ittihamları tənqid edib, bu cür ritorikanın Holokost xatirəsini zədələdiyini vurğulayıb.


Fəaliyyətdə olan səfir tərəfindən yüksək vəzifəli israilli rəsmiyə yönəlmiş tənqid kimi qiymətləndirilən açıqlamada Prosor, Smotriçin çıxışını “qətiyyətlə pislədiyini” bildirib. Smotriç həmin çıxışında nasist rejiminə istinad edib, “Siz bizi bir daha gettolara məcbur etməyəcəksiniz” deyə bildirib.


Mübahisə kansler Mertsin işğal altındakı Qərb Sahilində məskunlaşmalarla bağlı etirazlarını səsləndirməsindən sonra yaranıb. Bu gərginlik, Avropada İsrailin ən yaxın müttəfiqlərindən sayılan Berlin ilə Benyamin Netanyahunun hökuməti arasında Fələstin siyasəti ilə bağlı növbəti qarşıdurma kimi qiymətləndirilib.


Kanslerin ofisi bazar ertəsi Netanyahu ilə telefon danışığından sonra açıqlama yayıb, Mertsin İsraili Cənubi Livana hərbi hücumları dayandırmağa çağırdığını bildirib. O, həmçinin Fələstin ərazilərində baş verən inkişaflardan “dərin narahatlıq” ifadə edib, Qərb Sahilinin “de-fakto ilhaqına” yol verilməməli olduğunu vurğulayıb.


Buna cavab olaraq Smotriç, İkinci dünya müharibəsi zamanı nasistlərin 6 milyon yəhudini qətlə yetirməsinə istinad edib.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et