İtaliya Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın Papa XIV Leo barədə səsləndirdiyi fikirləri “qəbulolunmaz” adlandırıb.

Papa Leo
24Media.az BBC-yə istinadən bildirir ki, Meloni əvvəlcə verdiyi qeyri-müəyyən açıqlamada Papa ilə həmrəy olduğunu bildirsə də, ölkə daxilində artan tənqidlərdən sonra daha aydın mövqe ortaya qoyub. Baş nazirlikdən yayılan ikinci bəyanatda o vurğulayıb ki, Papa Katolik Kilsəsinin rəhbəri kimi sülh çağırışları etməsi və müharibələri qınaması tamamilə doğru yanaşmadır.
Buna cavab olaraq Tramp Meloni-ni sərt tənqid edib. O, İtaliyanın İranla mümkün qarşıdurmada dəstək verməməsindən “məyus olduğunu” bildirib və Melonini gözlədiyi qədər “cəsarətli olmamaqda” ittiham edib. ABŞ prezidenti həmçinin Papa haqqında “beynəlxalq məsələlərdən xəbərsiz olmaq” kimi ittihamlar səsləndirib.
Trampın İranla bağlı iddiaları da diqqət çəkib. O, Tehranın potensial təhlükə yaratdığını iddia etsə də, bu açıqlamalar beynəlxalq mənbələrin təqdim etdiyi məlumatlarla tam üst-üstə düşmür. İnsan haqları təşkilatlarının məlumatına görə, ölkədə etirazlar zamanı minlərlə insan həyatını itirib, lakin rəqəmlər Trampın səsləndirdiyi qədər yüksək deyil.
Maraqlı məqamlardan biri də İranın reaksiyası olub. İranın Taylanddakı diplomatik nümayəndəliyi sosial şəbəkə paylaşımında İtaliyaya qarşı hər hansı düşmən münasibətin olmadığını bildirərək ölkənin mədəniyyətinə və şəhərlərinə simpatiya ifadə edib.
Mübahisənin başlanğıcı isə Papa XIV Leonun beynəlxalq ictimaiyyətə “müharibə ritorikasından imtina” çağırışı etməsi ilə bağlıdır. Papa çıxışında dini dəyərlərin müharibəyə haqq qazandırmaq üçün istifadə olunmasını da tənqid edib.
Tramp bu fikirlərə cavab olaraq Papa-nı “zəif” adlandırsa da, Papa XIV Leo qarşıdurmadan qaçmağa çalışıb. O, özünü siyasi fiqur kimi görmədiyini, əsas məqsədinin sülh mesajını yaymaq olduğunu bildirib və dünyada artan zorakılıq fonunda alternativ yolların axtarılmasının vacibliyini vurğulayıb.
Son olaraq, Tramp Papa-dan üzr istəməkdən imtina edib və əvvəlki tənqidlərini bir daha təkrarlayıb.
Emiliya Vəlicanova
