Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı dron və raket hücumları nəticəsində azı 15 nəfər həlak olub, 90-dan çox insan yaralanıb. Bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.

Xilasedicilər Kiyevdə Rusiya raket zərbəsinin baş verdiyi ərazidə işləyirlər, BBC
Paytaxt Kiyev şəhərində hücumlar nəticəsində 4 nəfər həyatını itirib. Ölənlər arasında 12 yaşlı uşaq da var. Şəhərin Podil rayonunda yerləşən 16 mərtəbəli yaşayış binası zərbə nəticəsində dağılıb. Xilasedicilər dağıntılar altından ana və uşağı sağ çıxara biliblər.
Kiyevin şimal hissəsində təkrar hücumlar zamanı 4 təcili tibbi yardım əməkdaşı da daxil olmaqla bir neçə nəfər yaralanıb.
Ukraynanın cənub-şərqində yerləşən Dnipro şəhərində də hücumlar nəticəsində 3 nəfər həlak olub, onlarla insan xəsarət alıb. Hadisə yerindən yayılan görüntülərdə bir sıra binaların alova büründüyü görünür.
Cənubdakı liman şəhəri Odessa istiqamətində həyata keçirilən hücumlar nəticəsində 8 nəfər həyatını itirib.
Eyni zamanda, Xarkiv şəhərində dron hücumu nəticəsində 77 yaşlı qadın və 66 yaşlı kişi yaralanıb.
Digər tərəfdən, Rusiya ərazisində yerləşən Krasnodar diyarında Ukrayna tərəfindən həyata keçirilən dron hücumu nəticəsində 5 və 14 yaşlı iki uşaq həlak olub. Bu barədə region rəhbərliyi məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andrii Sıbıha bildirib ki, bu cür hücumlar beynəlxalq hüquqa ziddir və “müharibə cinayətləri” kimi qiymətləndirilməlidir. O, beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
Qeyd edək ki, hücumlar pravoslav Pasxa bayramı ilə əlaqədar elan olunmuş qısa müddətli atəşkəsdən dərhal sonra baş verib. Tərəflər bir-birini atəşkəsi dəfələrlə pozmaqda ittiham edib.
Ukraynada müharibə artıq beşinci ildir davam edir. Müxtəlif vaxtlarda aparılan sülh danışıqlarına baxmayaraq, tərəflər arasında hələ də ciddi razılaşma əldə olunmayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
