
Təbiətlə təmasda olduğumuz zaman, xüsusilə, isti yay günlərində bal arılarına rast gəlmək mümkündür. Təəssüf ki, bu görüşlər bəzən ağrılı nəticələrə səbəb ola bilər. Bal arısı sancması, xüsusilə, həssas insanlar üçün ciddi problem ola bilər.
Sancmadan sonra yaşanan ağrı və narahatlıq düzgün müalicə edilmədikdə uzun müddət davam edə bilər. Buna görə də, bal arısı sancması halında nə edəcəyinizi bilmək son dərəcə vacibdir.
Bu, arı zəhərli sancmasını müdafiə mexanizmi olaraq dəri altında buraxdıqda baş verir. Bu sancma arının ömrü boyu yalnız bir dəfə edə biləcəyi müdafiə hərəkətidir.
Bu zaman arının sancması dəridə qalır və zəhər bütün bədənə yayılmağa başlayır. Zəhər yerli reaksiyaya səbəb olur, şişlik, qızartı və ağrı yaradır. Hər bir fərdin orqanizmi bu zəhərə müxtəlif yollarla reaksiya verir. Bəziləri üçün sancma yalnız yüngül narahatlıq yaradır, digərləri üçün isə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bal arısı sancması adətən zərərsizdir, lakin bəzi hallarda, xüsusən də, allergik reaksiyaları olan insanların həyatı üçün təhlükə yarada bilər. Buna görə də, arı sancmasından sonra simptomları diqqətlə izləmək vacibdir. Zəhərin təsiri insanın yaşından, sağlamlıq vəziyyətindən və allergik meyilindən asılı olaraq dəyişə bilər.
Bal arısı sancması ilə zəhərlənmənin əlamətləri hansılardır?
Arı sancmasından sonra baş verən zəhərlənmə əlamətləri orqanizmin zəhərə reaksiyasını əks etdirir. Bu simptomlar adətən sancmadan dərhal sonra başlayır və saatlarla davam edə bilir.
Bal arısı sancması ilə zəhərlənmə əlamətləri aşağıdakılardır:
Qızartı və şişkinlik: Sancma yerində sıx qızartı və şişkinlik meydana gəlir. Bu, bədənin zəhərə təbii reaksiyasıdır. Zəhərin təsirindən dəri altındakı damarların genişlənməsi nəticəsində qızartı və şişkinlik yaranır.
Qaşınma və yanma hissi: Sancmanın baş verdiyi yerdə güclü qaşınma və yanma hissi yaranır. Bu hiss, zəhər dəri hüceyrələrini zədələdikdə və iltihablı reaksiyaya səbəb olduqda baş verir. Sancmadan sonra qaşınma və yanma saatlarla davam edə bilər.
Ağrı və həssaslıq: Sancma yeri toxunmaq üçün ağrılı ola bilər və həssaslıq artır. Zəhər sinir uclarını zədələdikdə ağrı yaranır və nahiyəyə təzyiq tətbiq edildikdə güclənir. Bu həssaslıq bir neçə gün davam edə və gündəlik işləri çətinləşdirə bilər.
Bulantı və başgicəllənmə: Bəzi insanlar zəhərlənmə əlamətləri kimi ürəkbulanma və başgicəllənmə ilə qarşılaşa bilərlər. Bu simptomlar orqanizmin zəhərə ümumi reaksiyası kimi baş verir və adətən yüngül olur.
Nəfəs darlığı və sürətli nəbz: Şiddətli allergik reaksiyalarda nəfəs darlığı və sürətli nəbz meydana gələ bilər. Bu vəziyyət bədən zəhərə həddindən artıq reaksiya verdikdə baş verir və həyat üçün təhlükə yarada bilər. Nəfəs darlığı və sürətli nəbz kimi simptomlar varsa, təcili tibbi yardım tələb olunur.
Bu əlamətlər arı sancmasından sonra diqqətlə izlənilməli olan mühüm əlamətlərdir. Hər hansı bir ciddi reaksiya halında, gecikmədən tibb işçiləri ilə məsləhətləşməlisiniz.
Bal arısı sancmasına nə xeyir edə bilər?
Soyuq kompres: Şişkinliyi və ağrıları aradan qaldırmaq üçün sancma yerinə soyuq kompres tətbiq edilir. Sancma yerinə 10-15 dəqiqə ərzində buz paketi və ya soyuq suda isladılmış parça çəkilə bilər. Bu üsul şişkinliyi azaldır və damarları daraldaraq rahatlama təmin edir.
Aloe Vera Gel: Aloe vera dərinin qıcıqlanmasını və şişkinliyini azaldır. Dərinizə nazik bir təbəqə ilə çəkərək sakitləşdirə bilər. Həm də qaşınma və yanma hissini aradan qaldırır.
Antihistaminik kremlər: Antihistaminik kremlər allergik reaksiyaları və şişkinliyi azaltmaq üçün istifadə edilə bilər. Bu kremləri sancma nahiyəsinə çəkərək qaşınma və şişkinlik kimi simptomları aradan qaldıra bilərsiniz. Apteklərdə asanlıqla tapa biləcəyiniz bu kremlər şişkinliyi tez bir zamanda azaltmağa kömək edir.
Bal: Təbii antiseptik olan bal, bal arısı sancmasından sonra dərini sakitləşdirmək və şişkinliyi azaltmaq üçün istifadə edilə bilər. Sancma nahiyəsinə nazik bir qat bal sürtməklə dərinizin daha tez sağalmasına kömək edə bilərsiniz. Bal həm də infeksiya riskini azaldır.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
