Bu gün:

Kerberos türbəsinin içərisində tapılan skelet


Arxeoloqlar təqribən 2200 illik “Kerberos türbəsi”ndə basdırılmış kəfənli skelet tapıblar.

Kerberos türbəsi ötən il İtaliyanın Neapol yaxınlığındakı nekropol ərazisində aşkar edilib. O, öz adını yeraltı dünyasının üç başlı qoruyucusu Kerberosun divarlara çəkilmiş bəzəkli və canlı freskalarından almışdır. Bu rəsmlərə üçbaşlı cəhənnəm iti Kerberos və insan başları və bədənləri, at ön ayaqları və balıq quyruğu olan dəniz kentavrları (ixtiokentavrlar) kimi fiqurlar daxildir.

İndi arxeoloqlar Giuglianoda "Kerberos türbəsi" kimi tanınan bu türbəni daha ətraflı araşdırıb, kəfənə bükülmüş skelet və müxtəlif məzar əşyaları aşkar edilib. Bu əşyalara məlhəm qabları və çimməkdən əvvəl kir, tər və yağı sürtmək üçün istifadə edilən Roma dövründə gigiyena aləti olan strigil daxildir.

İtaliya Mədəniyyət Nazirliyinin verdiyi açıqlamaya görə, əla vəziyyətdə olan şəxs arxası üstə dəfn edilib. Kəfənin dəfn otağının xüsusi iqlim şəraitinə görə minerallaşdığı bildirilir.

Tədqiqatçılar arxeologiya, kimya, paleobotanika və antropologiya kimi müxtəlif sahələrdən olan mütəxəssislərlə əməkdaşlıq edərək bu fərd haqqında daha çox məlumat öyrənməyə çalışırlar. Açıqlamaya görə, mərhum məqbərəni tikən ailənin əcdadı ola bilər. Fənlərarası qrup kəfənin sapının harada istehsal edildiyini müəyyən etmək üçün işlərini davam etdirir.

Arxeoloqlar məzarda olan şəxsin nəslini və genetik pozğunluqlarının olub-olmadığını ortaya çıxara biləcək DNT nəticələrini gözləməyə davam edirlər.

İtaliya Mədəniyyət Nazirliyinin direktoru Mariano Nuzzo “Kerberos məqbərəsi Fleqreya torpaqları haqqında dəyərli məlumat verməyə davam edir” dedi. Region qədim Liternum şəhərinin yaxınlığında yerləşən böyük vulkanik ərazidir. "Məzardan əldə edilən məlumatlar keçmiş haqqında bilikləri genişləndirir və çoxşaxəli tədqiqat imkanları təklif edir" deyir.

Mənbə: Britannica.com 

Tərcümə etdi:Aytac Musayeva 

Paylaş
Şərh əlavə et